YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi islahatların nümunəsi

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu demokratik dəyərlərin təşviqini, o cümlədən parlamentarizm ənənələrinin möhkəmlənməsini təmin edib. Xüsusilə də, 2020-ci il fevral ayında keçirilmiş azad, demokratik parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar yeni siyasi konfiqurasiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı VI çağırış parlamentin ilk iclasında – 2020-ci il martın 10-da  dərin məzmunlu çıxış edərək ölkəmizdə mövcud olan siyasi mühit, siyasi münasibətlərin inkişafı, qanunvericilik işi sahəsində qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini ifadə etdi.

Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sistemli və kompleks islahatların həyata keçirilməsində hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyan dərin və geniş islahatlar kursuna uyğun olaraq 2020-ci ildə qanunverici orqanda da islahatlar həyata keçirildi və xalqımızın seçimi əsasında Milli Məclisin yeni tərkibi formalaşdı.

Milli Məclis sədrinin qadın seçilməsi, ölkəmizdə qadınların demokratik dəyərlərin təşviqi prosesinə cəlb edilməsi baxımından olduqca önəmli hadisədir. Eyni zamanda müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinin rəhbərliyinə seçilmələri də əlamətdar hadisə kimi qeyd etmək lazımdır. Bu seçkilər fonunda həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri qadın və gənc deputatların sayının artması, onların qanunvericilik işində iştirakına yeni imkanların yaradılmasıdır.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar çərçivəsində start verilmiş siyasi dialoq prosesinin təkmilləşdirilməsi, bu istiqamətdə münasibətlərin sağlam zəmində qurulması və inkişafı baxımından çox əhəmiyyətlidir. Artıq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb. Bu gün ən müxtəlif mövzular ətrafında siyasi partiyalarla açıq, şəffaf, fikir plüralizmi şəraitində müzakirələr aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığın tərkib hissəsidir. Siyasi dialoqun önəmini biz Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı iqtidarı, müxalifəti təmsil etməsindən asılı olmayaraq, siyasi partiyaların mütləq əksəriyyəti  birgə bəyanat imzalayaraq Ali Baş Komandanla, Ordumuzla birlik nümayiş etdirdi. Məhz bu birlik sayəsində yaranmış vahid mövqe, möhtəşəm Qələbəmizi şərtləndirən amillərdən biri oldu. Bütün bunlar təsdiqləyir ki, ümummilli məsələlərdə vahid mövqedən çıxış etmək cəmiyyətimizin ən üstün cəhətlərindən biridir və  bu amil onu davamlı olaraq inkişaf etdirəcək.