YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Demokratik quruculuq tarixində yeni səhifə

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Azərbaycan dövləti müstəqil siyasət yürüdərək qloballaşan dünyada apardığı islahatların məntiqi olaraq böyük nüfuz sahibidir. İnsanların firavanlığının təmin olunmasına hədəflənmiş geniş islahatlar, uğurlu xarici siyasət, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, sabitlik və təhlükəsizlik kimi amillər məhz dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində reallığa çevrilib. 2020-ci il fevralın 9-da Azərbaycanda Milli Məclisə azad, demokratik və şəffaf şəraitdə keçirilən seçkilər ölkə vətəndaşlarının mütləq əksəriyyətinin dövlət başçısının yürütdüyü siyasəti qətiyyətlə dəstəkləməsinin daha bir təzahürü idi. Seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Onu da xüsusi olaraq qeyd etməliyik ki, növbədənkənar parlament seçkilərinin təyin olunması ölkəmizdə aparılan çoxşaxəli və sistemli islahatların məntiqi davamı idi. Parlament seçkilərinin nəticələri bütün demokratik normalara tam cavab vermiş oldu. Beynəlxalq təşkilatlar da seçkilərin nəticələrini hesabatlarında yüksək dəyərləndirmişdilər.

Demokratiyanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılıq prinsipi mövcud parlamentin formalaşmasında özünü göstərdi. Ali qanunvericilik orqanının rəhbərliyində, spiker və onun müavinlərinin, o cümlədən komitə sədrlərinin seçilməsində həm bitərəf, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunublar. Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirməkdir. Artıq həmin zamandan dörd il ötür. Demokratik şəraitdə keçirilən azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açmış oldu.Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi və həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxışında olduqca vacib məsələlərə toxunaraq öz tövsiyələrini vermişdir. “Son illər ərzində biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür”, - deyən Prezident ölkəmizin inkişaf tempinə də nəzər salıb. Bildirib ki, istənilən tərəflə müqayisə etmək üçün kifayət qədər arqumentlərimiz var, təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar. Ona görə parlament bu məsələlərlə ciddi məşğul olmalıdır və əminəm ki, olacaq: “Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır.”

Təbii ki, seçkilərin nəticələri də reallaşan, görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilib. Azərbaycanda həyata keçirilən inqilabi xarakter daşıyan islahatların sırasında yer alan növbədənkənar parlament seçkilərinin nəticəsi ölkəmizin davamlı tərəqqisinə hesablanan hədəflərə çatmaqda öz sözünü demişdir. Prezident İlham Əliyevin deputatların xüsusilə beynəlxalq fəaliyyəti ilə bağlı dəyərli məsləhətləri onları daha məsuliyyətli olmağa, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmağa ruhlandırdı.Milli Məclisdə təmsil olunan partiyaların məsuliyyət yükünün artırılmasına xidmət edən amillərə diqqət çəkən Prezident siyasi islahatların zəruriliyinə nəzər salaraq bildirib ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Milli Məclisdə təmsil olan partiyaların nümayəndələrinin parlament rəhbərliyində təmsil olunması siyasi sistemdə partiyaların yerini və rolunu artırmaq yolunda atılan cəsarətli addımın başlanğıcı oldu.

Prezident Milli Məclisin deputatlarının qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələrini vermişdi. Azərbaycan Prezidenti tarixi nitqində qeyd etmişdir ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar. Parlament xalqın maraqlarını ifadə etməli, qayğılarına diqqət göstərməlidir.Dövlət başçısının dəyərli tövsiyələri, göstərilən etimad böyük məsuliyyət hissini artırmış oldu.Qanunvericilik sahəsində deputatlar qarşısında böyük vəzifələrin durduğunu diqqətə çatdıran Prezident daha çox keyfiyyətə fikir verilməsini tövsiyə etmişdi.Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli nitqi gələcəyə hədəflənmişdir və bu gün ötən dövr ərizində ölkəmizin qazandığı nailiyyətlər deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də dünyada və regionumuzda baş verən proseslər ölkəmizin nüfuzunu daha da artırıb.