YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmərəli fəaliyyət üçün yeni imkanlar

“Azərbaycan müstəqillik əldə etdikdən sonra hüquqi, demokratik dövlət quruculuğu istiqamətində böyük nailiyyətlər qazanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan siyasət nəticəsində müstəqil Azərbaycan inkişaf edən güclü, demokratik dövlətə çevrilib. Bununla belə, hüquqi dövlət quruculuğu prosesi davam edir və burada islahat amili mühüm rol oynayır. Ölkəmizdə davamlı olaraq islahatlar həyata keçirilir, iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılaraq bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biridir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ötən dövr ərzində həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edən amillərdən biridir. Prezident İlham Əliyev hələ 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmişdi və ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdı. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdi: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”. Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları 2019-cu ilin son aylarından etibarən daha da intensivləşib. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılıb, eləcə də 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu formalaşıb.

Millət vəkilinin sözlərinə görə, 2020-ci ilin fevralında keçirilmiş parlament seçkiləri isə siyasi islahatlar baxımından mühüm əhəmiyyət kəsb edir. Azad, demokratik parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar yeni siyasi konfiqurasiyasının yaranması baxımından böyük önəmə malikdir. Dövlətimizin başçısı VI çağırış parlamentin ilk iclasında – 2020-ci il martın 10-da  dərin məzmunlu çıxış edərək ölkəmizdə mövcud olan siyasi mühit, siyasi münasibətlərin inkişafı, qanunvericilik işi sahəsində qarşıda dayanan vəzifələrlə bağlı fikirlərini ifadə etdi. Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı yeni tərkibdə fəaliyyətə başlayan qanunverici orqan üçün “Yol xəritəsi” oldu, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini müəyyənləşdirdi. Dövlət başçısının bəyan etdiyi kimi, Milli Məclis ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayır. Azərbaycan yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatlar həyata keçirir, idarəetmə təkmilləşdirilir, əsaslı institusional dəyişikliklər baş verir və bu kompleks keyfiyyət dəyişiklikləri Milli Məclis qarşısında mühüm vəzifələr qoyur. Parlamentimiz də məhz bu çağırışlara əsasən öz fəliyyətini qurub.

Pərvin Kərimzadə qeyd edib ki, Milli Məclis sədrinin qadın seçilməsi, ölkəmizdə qadınların demokratik dəyərlərin təşviqi prosesinə cəlb edilməsi baxımından olduqca önəmli hadisədir. Eyni zamanda müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinin rəhbərliyinə seçilmələri də əlamətdar hadisə kimi qeyd etmək lazımdır. Bu seçkilər fonunda həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri qadın və gənc deputatların sayının artması, onların qanunvericilik işində iştirakına yeni imkanların yaradılmasıdır. Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan demokratik islahatlar çərçivəsində start verilmiş siyasi dialoq prosesinin təkmilləşdirilməsi, bu istiqamətdə münasibətlərin sağlam zəmində qurulması və inkişafı baxımından çox əhəmiyyətlidir. Cənab Prezident parlamentdəki çıxışında islahatlarla bağlı vurğulayıb: “İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”. Bəli, ötən dövr ərzində siyasi islahatlar baxımından mühüm nailiyyətlər əldə olunub. Artıq ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb. Bu gün ən müxtəlif mövzular ətrafında siyasi partiyalarla açıq, şəffaf, fikir plüralizmi şəraitində müzakirələr aparılır. Bu amil son dərəcədə əhəmiyyətlidir, siyasi islahatların və əməkdaşlığın tərkib hissəsidir. Siyasi dialoqun önəmini biz Vətən müharibəsi zamanı da aydın şəkildə gördük. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı iqtidarı, müxalifəti təmsil etməsindən asılı olmayaraq, siyasi partiyaların mütləq əksəriyyəti  birgə bəyanat imzalayaraq Ali Baş Komandanla, Ordumuzla birlik nümayiş etdirdi. “Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi isə daha mükəmməl siyasi sistem, siyasi münasibətlərin inkişafı və siyasi partiyaların daha səmərəli fəaliyyəti üçün yeni imkanlar açıb. Bütün bunlar ölkəmizdə həyata keçirilən siyasi islahatların bariz nümunəsidir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.