YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parçalanmış dünyanın bərpası üçün ədalətin və beynəlxalq hüququn sözdə deyil, əməldə müdafiəsi əsasdır

“Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran, mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı forumlarına maraq ildən-ilə artmaqdadır. Bu, tədbirə qatılan qonaqların, eyni zamanda, onların təmsil etdikləri ölkələrin sayında özünün aydın ifadəsini tapır. Müqayisə üçün qeyd etmək istəyirdim ki, ötən il martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda  ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak etmişdisə,  “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan builki XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir. Hər bir Qlobal Bakı Forumu üçün seçilən mövzular həmin dövrün tələblərini özündə ehtiva edir. Ötən ilin mövzusundan da bəlli olduğu kmi, dövrün çağırışları aydındır, amma çalışmalıyıq ümidlər yaradaq, gələcəyə-sabaha baxaq. Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Bu çağırışlara söykənilərək atılan addımlar düşünülmüş siyasətə əsaslanır. 

Builki Forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “Parçalanmış dünyanın bərpası” adı altında   görüşün mahiyyətini açıqlayaraq bildirdi ki, dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var.” Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, X Qlobal Bakı Forumundan ötən bir ildə qət edilən yolun uğurlarını görmək üçün Azərbaycanın həyatında baş verən yeniliklərə diqqət yetirmək kifayətdir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixi ədalətin və beynəlxalq hüququn mövcudluğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bir daha sübut etdi ki, buna nail  olmaq üçün səylər göstərilməli, sonadək mübarizə aparılmalıdır. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha Azərbaycanın son 30 ildə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına səy göstərdiyini bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin, eyni zamanda, birgünlük antiterror tədbirlərinin qaçılmazlığını şərtləndirən amillərin hər kəsə bəlli olduğunu vurğuladı. Prezident İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamaq dövrü artıq bitib. 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində qaldığı kapitulyasiya aktına əsasən onlar o zaman Azərbaycanın  nəzarətində olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentlərini ərazidən çıxarmadılar, əksinə İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz bərpa olundu.

 YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması və Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini Ermənistanın baş naziri keçirilən müxtəlif səviyyəli görüşlərdə dəstəklədiyi halda, sonrakı dövrdə havadarlarının tapşırığına uyğun olaraq qeyri-ciddi bəyanatlar səsləndirməklə sülh müqaviləsinin imzalanması prosesini bugünədək uzadıb. Ermənistanın bu kimi addımları atmasında əsas dəstəkçisi Fransadır. Dövlət başçısı İlham Əliyev Forumdakı nitqində bu məqamlara xüsusi diqqət yönəltdi. “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu kimi tədbirlər həqiqətlərimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında öz sözünü deyir. Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Dövlət başçısının vurğuladığı kimi, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq tədbirlərlə bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından  həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə edilənlərlə  bu gün müzakirə olunanları  müqayisə etsək nəzərəçarpan dəyişiklikləri görərik. Burada geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və Qlobal Bakı forumları iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

YAP Xətai rayon təşkilatının sədri, həmçinin bildirib ki, hazırkı dövrdə Azərbaycanın mühüm uğurlarından biri də bu il COP29-a ev sahibliyi etməsidir. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29 onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki,  Forumun mövzusundan da göründüyü kimi,  parçalanmış dünyanın bərpası əsas çağırışlardandır. Bu çağırış səylərin birləşdirilməsini, konkret addımların atılmasını, ən əsası ədalətin və beynəlxalq hüququn müdafiəsinin sözdə deyil, əməldə təsdiq olunmasını bir tələb kimi qarşıya qoyur. Azərbaycan daim birlik, həmrəylik, ədalət, beynəlxalq hüquq  çağırışları ilə dünyanın diqqətindədir.

DİGƏR Xəbərlər Arxiv