YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tariximizin qürur səhifəsi

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyev son dörd ildə Azərbaycan xalqını Qarabağ torpağından təbrik edir. Hər birimizi qürurlandıran bu mühüm hadisə müasir tariximizə qürur səhifəsi kimi yazılır. Dövlət başçısı İlham Əliyev bu il Novruz tonqalını Xankəndi şəhərində yandırdı və bu məkandan Azərbaycan xalqını  təbrik etdi. “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.”

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tarixi Zəfərimizin ardınca ötən il bir günlük antiterror tədbirləri nəticəsində çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər dəyərli olduğunu təsdiqlədi.

44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə də Azərbaycan dövləti hansı şərtlər daxilində müharibəni dayandıracağını açıqlamışdı. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. İstər 30 illik işğal, istərsə də tarixi Zəfərimizdən ötən 3 ildən artıq dövrdə Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatlara diqqət yetirmək kifayətdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın  müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi.  Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayan Silahlı Qüvvələrimiz qısa müddətdə növbəti zəfərə imza atdı. Lokal antiterror tədbirlərinin öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması, qarşıya qoyulan hədəflərə qısa zaman kəsiyində nail olunması fonunda dövlət başçısı İlham Əliyev Novruz təbrikində  bildirdi ki, uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır. Ölkə Prezidenti, həmçinin qeyd etdi ki, fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum: “Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür.”

Göründüyü kimi, sonda zəfər çalan tarixi ədalətdir. Ermənilər və onlara havadarlıq edən dövlətlər tarixi inkar edib qeyri-ciddi bəyanatlarla vəziyyəti gərginləşdirməyə, işğalçı dövlətə haqq qazandırmağa çalışsalar da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatının fonunda bütün cəhdlər boşa çıxır. Dövlət başçısı İlham Əliyev sözügedən təbrikində bir daha tarixi faktları diqqətə çatdıraraq bildirdi ki, Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər. Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

DİGƏR Xəbərlər Arxiv