YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bütün addımları beynəlxalq hüquqa əsaslanır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücünün, qüdrətinin nümayişi oldu. Cənab İlham Əliyev martın 18-də böyük qürur hissi ilə Qarabağ torpağında dördüncü dəfə Novruz tonqalını alovlandırdıqdan sonra xalqımızı Novruz bayramı münasibətilə təbrikində qeyd etdi ki, uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq: “Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır.”

Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik. Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, öz istədiyimizə nail olacağıq və nail olmuşuq.

Qeyd edək ki, ötən il Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin dəfələrlə  müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Ermənistanın davamlı təxribatları Azərbaycan tərəfini lokal antiterror tədbirlərinə başlamasını şərtləndirdi. Belə ki, ötən ilin 19 sentyabr tarixində  baş verən terror aktı Azərbaycanın dərhal lazımi addımlar atmasına səbəb oldu. Bir gün ərzində davam edən  lokal antiterror tədbirləri Azərbaycanın irəli sürdüyü şərtlərin qarşı tərəfdən qəbul edilməsi əsasında dayandırıldı. 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, 19 sentyabrda başlanan lokal antiterror tədbirləri zamanı da Azərbaycan tərəfi hansı şərtlər daxilində prosesi dandıra biləcəyini açıqladı. Şərtlərin bir gündə qəbul olunması Azərbaycanın haqlı mövqeyinin təqdimatı oldu.  

Təbrikində diqqəti Qarabağın dirçəlişinə yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatanda Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizi bildirdi. Dövlət başçısı lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasından sonra xalqa müraciətində “Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq” söyləyərək onu da  qeyd etdi ki, bu, bizim əlimizdədir: “Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!”

Azərbaycanın bugünkü reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri onu təsdiqləyir ki, bütün çətinliklərə, işğala, 1 milyon qaçqın və məcburi köçkünün  olmasına baxmayaraq ötən illər ərzində bu günümüz üçün möhkəm təməl yaradılıb. İndi 30 il işğal  altında qalan torpaqlarımız  azaddır. Bərpa-quruculuq işləri sıfırdan ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Bu işlər, eyni zamanda, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələli şəkildə köçürülməsi ilə müşahidə edilir. Tezliklə bu prosesin də uğurla başa çatacağının şahidi olacağıq. Bu torpaqların həyatında yeni dövr başlayacaq. Prezident İlham Əliyeb xalqımızı Novruz təbrikində də bu əminliyi ifadə etdi: “Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.”

DİGƏR Xəbərlər Arxiv