YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aparılan dialoq bu gün də uğurla davam edir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. NATO ilə aparılan dialoq bu gün də uğurla davam edir. Martın 17-də  NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixinin olduğunu qeyd edərək bir çox məqamları xatırlatdı. Ölkə başçısı bildirdi ki, Azərbaycanın NATO ilə tərəfdaşlığı müsbət olmuşdur. Ölkəmiz Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, Azərbaycan üçün böyük təcrübə olub. Prezident İlham Əliyev xatırlatdı ki, 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr Azərbaycanın hərbi qulluqçuları olmuşlar. Bu isə bir daha Azərbaycanın əməkdaşlığa güclü sadiqliyini nümayiş etdirir.

NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə xüsusilə diqqət çəkərək  bildirdi ki, uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi. 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ölkə başçısı vurğuladı ki, bu, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Hansı ki, Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək münaqişənin hərbi-siyasi yolla həllinə nail olub. Hazırda Azərbaycan Ermənistanla sülh danışıqlarının fəal mərhələsindədir. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyir. Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair Ermənistan tərəfi ilə 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. Ölkə başçsı həmçinin onu da diqqətə çatdırdı ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Azərbaycan müdafiə imkanlarını müasirləşdirir və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdirir. Müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, onun Avro-atlantik standartlara çatmaq və Avro-atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Eyni zamanda, Azərbaycan terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir.

DİGƏR Xəbərlər Arxiv