YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mənalı və zəngin həyat yolu

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri  

Akademik Zərifə xanım Əliyeva Vətənini, xalqını, bütün insanları səmimi və sədaqətli bir məhəbbətlə sevmiş, peşəsinin, sənətinin vurğunu olmuşdur. Onun qəlbində vətən övladlarını qorumağa, vətənin keşiyini çəkməyə hər zaman hazır olan müqəddəs bir ana ürəyi, sıravi bir vətəndaş ürəyi, çətinliklərdən keçib oddan-alovdan adlayaraq ulduzlara doğru irəliləyən, elmin qızıl tacına yiyələnən möhtəşəm bir alim ürəyi döyünürdü.

Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.

Ulu Öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaratmışdır. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalə və monoqrafiya çap etdirib.

Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.  Akademik Zərifə Əliyeva çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirib.

Azərbaycan qadınlarına xas olan ləyaqətli, şərəfli bir ömür yaşamış görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.

DİGƏR Xəbərlər Arxiv