YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir layihənin icrasının nəzərdə tutulduğu vaxtda başa çatdırılması əsas hədəflərdəndir

“Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin bu hədəf də qarşıya qoyuldu ki, neft kapitalını insan kapitalına çevirək. Ölkə Prezidentinin qarşıya qoyduğu bu hədəflər regionların potensial imkanlarından səmərəli istifadəni bir tələbə çevirdi. Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən dörd Dövlət Proqramının uğurlu icrası hazırda rəqəmlərdə, regionların simasında, həyata keçirilən infrastruktur layihələrində özünün aydın ifadəsini tapır. Artıq ötən il dördüncü Dövlət Proqramının icrası başa çatdı. Cənab İlham Əliyevin rayonlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bu inkişafı daha da sürətləndirir. Uğurlu, təkmil addımların nəticəsində yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli insanların sosial rifahının yaxşılaşdırılmasında öz sözünü deyir. Bu faktı da qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. İnkişafın  Azərbaycan modelinin mövcudluğu  dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan mühüm uğurlarımızdandır. Azərbaycan, eyni zamanda, investisiya cəlbediciliyi baxımından da diqqət çəkir. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı da edir ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan yaradıb.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, regionların inkişafında əsas amillərdən biri infrastruktur layihələrinin uğurla həyata keçirilməsidir: “Cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bir daha diqqəti bu kimi məqamlara yönəltdi. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, əhalinin rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəltdi. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Bunlar arasında ilk olaraq Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihələri sırasındadır. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması maliyyə imkanlarımızın təqdimatıdır.”

Millət vəkili ölkəmizin gələcək inkişafının əsas istiqamətlərindən bəhs edərək vurğulayıb ki, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bu amillər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Cənab İlham Əliyev çıxışında qarşıdakı illərdə həyata keçiriləcək digər layihələrdən də danışaraq onların reallığa çevrilməsi üçün böyük vəsait tələb edildiyini bildirdi. Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Qısa müddətdə iki Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, üçüncünün istifadəsinin  cari ilin sonu, 2025-ci ilin əvvəlləri üçün  nəzərdə tutulması Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, tranzit imkanlarının genişləndirilməsinə göstərdiyi diqqətin bariz nümunəsidir. Hər bir bölgənin inkişafında, iqtisadi imkanlarının artmasında infrastruktur layihələri əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev sözügedən təməlqoyma mərasimindəki nitqində diqqəti bu reallıqlara da yönəltdi ki, qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olunub. Ölkəmizdə yeni, müasir yollar diqqətdən kənarda qalmır. Bu hədəf açıqlandı ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri içməli su və suvarma layihələri olacaq.”

Malik Həsənov Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə ölkəmizin dayanıqlı inkişafına verəcəyi töhfələrdən bəhs edib: “Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı deyil, su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları  ümumi su resurslarımızın 25 faizini təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Öz dogma yurd-yuvalarına qayıdan soydaşlarımız artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində bu ərazilərdə taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir. Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik” söyləyərək həm hədəfi, həm də ona nail olmağın yollarını açıqladı. Atılan bütün addımların əsasında bir  məqsəd dayanır ki, ölkəmiz hərtərəfli inkişaf etsin, insanlar yüksək rifah şəraitində yaşasınlar. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan davamlı inkişafı, təkmil islahatları ilə dünyanın diqqətindədir.”

DİGƏR Xəbərlər Arxiv