YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Radikal müxalifət iflasa uğrayıb

Əli Hüseynli

Milli Məclisin deputatı

Məlum olduğu kimi, ölkəmizdəki radikal müxalifətin “lideri” - AXCP sədri Kərimov Əlinin dirijor çubuğu ilə “Milli Şura” aprelin 21-də mitinq keçirmək barədə qərar verib. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müraciətə cavabında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsini nəzərə alaraq planlaşdırılan mitinqin keçirilməsini məqbul saymayıb. Eyni zamanda şəhərin mərkəzi əraziləri əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşir və həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb ola bilər. Bu mitinq təklifinin qəbul olunmaması üçün daha bir obyektiv arqumentdir. Lakin “Milli Şura”nın mitinq üçün məhz bu yerlərin ayrılması ilə bağlı israrl tələbi onunla əlaqəlidir ki, artıq olan-qalan elektoratının da dəstəyindən məhrum olmuş radikal müxalifət insanları şəhərin kənarına cəlb edə bilməyəcəyini anlayır və ictimaiyyətin gözünə “kül üfürməklə”  şəhərin mərkəzindəki çoxsaylı  seyrçi insan kütləsini öz tərəfdarları kimi qələmə verərək “saylarını artırmağa” nail olmaq istəyir.

Tamamilə aydındır ki, hələ də ötən əsrin 80-90-cı illərinin küçə psixologiyasından və məkrli niyyətlərindən əl çəkə bilməyən marginalların yeni mitinq qərarı təxribatdan başqa bir şey deyil. Heç kimə sirr deyil ki, bu qərarın arxasında heç də xoş niyyətə söykənməyən tamam başqa məqsədlər dayanır. Mitinqi guya siyasi mübarizə üsullarından biri və söz azadlığının forması kimi təqdim etməyə çalışan radikalların əsas hədəfi isə cəmiyyətdə qarşıdurma yaratmaqdır. Bunun antiazərbaycan  dairələrin, erməni lobbisinə yaxınlığı ilə tanınan məkrli xarici qrant fondlarının sifarişi olduğunu hesablamaq heç də çətin deyil. Belə ki, xaricdəki antiazərbaycan qüvvələri  regionla bağlı geosiyasi maraqlarını, məkrli niyyətlərini gerçəkləşdirmək, Azərbaycanı gözdən salmaq, ölkəmizi neqativ proseslərə cəlb etmək üçün radikal müxalifəti yenidən dövriyyəyə buraxmağa cəhd göstərirlər. Təsadüfi deyil ki, “cəbhəçilərin” ifasında ölkəmizin əleyhinə səslənən əsassız iddialar və hədyanlar məlum dairələrin tezisləri ilə həmahəngdir.

Artıq bu zümrə siyasi dialoqu inkar etməklə siyasətdə mövcudluğuna dair mənəvi haqqını itirib. 1988-ci ildə vüsət almış xalq hərəkatına yamaq kimi qoşulan AXC-nin məhz Qarabağ torpaqlarını ermənilərə peşkəş etməklə hakimiyyəti ələ keçirdikdən sonra cəmi bir il ərzində satqın mahiyyətinin faş olduğu yaxın dövrün reallığıdır. Onların Azərbaycan tarixində qoyduqları izlər həmişə qara rəngdə olub. Lakin hər dəfə xalqın qətiyyətli təpkisi ilə üzləşən “cəbhəçilər”, təəssüf ki, bu gün də öz xislətlərindən əl çəkə bilmirlər. Hətta ölkəmizin Zəfər salnaməsinə, torpaqlarımızın işğaldan azad edilməsinə, Qarabağın separatçılardan birdəfəlik təmizlənməsinə, möhtəşəm iqtisadi uğurlarımıza, Azərbaycanın getdikcə daha sürətlə artan beynəlxalq nüfuzuna qısqanclıqla yanaşmaqda davam edirlər. Tamamilə qanunauyğundur ki, ölkənin taleyüklü məsələlərində Prezident İlham Əliyevin birlik və həmrəylik çağırışlarına qoşulmaqdan imtina edən, əksinə, fürsət düşdükcə Azərbaycana qara yaxmaqdan çəkinməyən radikal müxalifətin ictimai və siyasi nüfuzu indi sıfırdan da aşağı səviyyəyə düşüb. Qarabağdakı müvəqqəti Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl ölkədən çıxması barədə ali rəhbərliklər səviyyəsində qəbul olunmuş qərar isə radikal müxalifətin guya Azərbaycanın Rusiyanın təsiri altına düşməsi barədə ictimai düşüncəyə sırımaq istədikləri tezisə və bu iki ölkə arasında getdikcə inkişaf edən strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək cəhdlərinə sarsıdıcı zərbə oldu.

Küçə iğtişaşları hər zaman olduğu kimi sağlam rəqabətə hazır olmayan bu marginalların yeganə ümididir. Yaşadığımız belə həssas geosiyasi məqamda, regionda və dünyada yaşanan hadisələr fonunda insanları bu yola səsləməyin isə xalqa və dövlətçiliyə xəyanətdən başqa adı yoxdur. Başlıca məntiqi nəticə ondan ibarətdir ki, qaragüruhçuların pozucu fəaliyyəti və yalançı vətənpərvərlik şüarları altında xalqa xəyanət xisləti ilə səciyyələnən yanlış “konsepsiya”sı bu gün tam iflasa uğrayıb.

DİGƏR Xəbərlər Arxiv