YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin genişlənməsi hər zaman diqqət mərkəzindədir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Qərb, xüsusən Fransa Azərbaycanın qonşu ölkələrlə münasibətlərini gərginləşdirmək haqqında planlar düşünürdü. Rusiya Federasiyası Sülhməramlılarının Azərbaycana gəlişindən sonra Fransanın anti-Azərbaycan təbliğat maşını "Azərbaycan Rusiya qoşunlarının Qarabağda qalmasına maraqlıdır" kimi saxta fikirləri fiaskoya uğradı. 2022-ci ildə Azərbaycan və Rusiya Prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrini yeni müttəfiqlik səviyyəsinə qaldırdı. Bu gün Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Baykal-Amur Maqistralının inşasına başlamasının 50 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin bu ölkəyə səfəri əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinin göstəricisidir.

Prezident İlham Əliyev 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Maqistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı ulu öndər Heydər Əliyevin Baykal-Amur Maqistralının tikintisində misilsiz əməyi və Azərbaycanla Rusiya arasında əlaqələrin yüksəlməsində mühüm rolu, eləcə də bu gün Azərbaycanla Rusiya dövlətləri arasında mövcud vəziyyətin yüksək səviyyədə olması barədə çıxış etdi.

Ötən əsrin 80-ci illərində BAM-ın tikintisində məsul vəzifədə çalışan veteranlar tikintiyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri, eləcə də onun unikal və böyük şəxsiyyət olması barədə fikirlər söylədilər. Bu gün də dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qarşısında baş əydiklərini bildirdilər.

Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, vaxtı ilə SSRİ dövründə gördüyü işlər bu günkü Rusiya kimi dünyanın ən böyük və güclü bir dövlətin iqtisadiyyatına böyük töhfələr verir. Bu gün dünyada aktual olan Şimal-Cənub marşrut xəttinin əsası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çəkilmiş dəmir yolu xətti olduqca əhəmiyyət kəsb edir.   

Rusiya Federasiyasının Ali rəhbərliyi də ulu öndər Heydər Əliyevin xatirəsinin hər zaman Rusiyada anılacağını vurğuladı. Azərbaycanla Rusiya Federasiyası arasında bugünkü dostluq əlaqələrinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Rusiya arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlandı. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqavilə ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil etdi.

Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişlənməsini hər zaman diqqət mərkəzində saxlayır.

DİGƏR Xəbərlər Arxiv