YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər möhkəm təmələ əsaslanır

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibəti ilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak etdiyi və onun reallaşdırılmasına öz töhfəsini verdiyi iştirakçılar tərəfindən xüsusi olaraq vurğulandı. Bu isə Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramın göstəricisidir. Bu münasibət Azərbaycan xalqı təəfindən daim yüksək qiymətləndirilir. Qeyd etmək lazımdır ki, əlli il bundan əvvəl SSRİ adlanan nəhəng ölkə rəhbərliyi tərəfindən böyük təbii ehtiyatlara malik olan Sibir və Uzaq Şərqi birləşdirəcək Baykal-Amur Magistralının tikintisi barədə qərar qəbul edilməsi ittifaqda, eləcə də dünyanın aparıcı dövlətlərində böyük əks-səda doğurmuşdu. Magistral təkcə ölkə üçün deyil, həm Sakit Okean regionu, həm də Avropa ölkələri arasında ən qısa marşrut olacaqdı. Bu isə layihənin əhəmiyyətini daha da artırırdı. Bu əzəmətli layihə Sibir və Uzaq Şərq regionlarının bütün təbii sərvətlərindən istifadə olunmasına, zəruri ehtiyac duyulan ərazilərə çatdırılmasına, ən əsası həmin bölgədə həyatın canlanmasına geniş imkanlar açacaqdı. Magistralın ümumi uzunluğu isə 4324 kilometr olacaqdı. Çox nəhəng və heyrətamiz layihə idi. Magistral boyunca yeni şəhər və qəsəbələrin, yaşayış məntəqələrinin, dəmiryolu stansiyaların, habelə digər infrastrukturun yaradılması da nəzərdə tutulurdu. Diqqətçəkən başqa bir cəhət isə magistralın tikintisinə bütün ittifaq respublikalarının cəlb olunması idi. Hər respublikanın bu nəhəng tikintidə üzərinə düşən vəzifə müəyyənləşdirilmişdi. Azərbaycan Respublikasının payına magistralın 210-cu kilometrliyində qəsəbə salınması düşmüşdü. Yaşayış məntəqəsi Ulkan adlandırılacaqdı. Deyilənə görə, qəsəbənin layihəsi azərbaycanlı arxitektorlar tərəfindən hazırlanmışdı. Gənc və enerjili, qurmaq, yaratmaq həvəsli minlərlə azərbaycanlı bu misilsiz təşəbbüsə qoşularaq Sibirə yollanmışdı. Ölkə rəhbərliyi bu nəhəng layihəyə xüsusi diqqət yetirirdi. Hətta magistralın çəkilişində, yeni yaşayış məntəqələrinin tikintisində fərqlənən inşaatçılar üçün "Baykal-Amur Magistralının tikintisinə görə" medalı təsis olunmuşdu. Kilometrlərlə uzanan obyektin tikintisində işlərin gedişi demək olar ki, ölkə mətbuatının, gündəlik qəzet və jurnalların, televiziyaların daim diqqət mərkəzində idi və ölkə əhalisinə bu barədə hər gün operativ məlumatlar çatdırılırdı. Sibir və Uzaq Şərq zonasının inşaat işlərinin aparılması üçün əlverişli olmayan sərt iqlimi, ərazilərin mürəkkəb geoloji struktura malik olması təsəvvürəgəlməz çətinliklər yaratsa da, əsrin tikintisinə çevrilmiş magistralda çalışanlar əsl qəhrəmanlıq göstərir, bütün çətinlikləri hünərlə dəf edirdilər. Unutmaq olmaz ki, hər bir ölkənin dəmiryolu xətləri onun dinamik infişafını təmin edir. İstənilən ölkədə dəmiryol xətlərinin uğurla istismarı bölgə və regionlarla əlaqələrin qurulmasında, əhəmiyyətli yüklərin daşınmasında, əhalinin uzaq nəqliyyat problemlərinin həllində müstəsna rol oynayır. Y.V.Andropov hakimiyyətə gələrkən bu reallığı çox gözəl dərk edir və bu sahənin inkişafına xüsusi diqqət ayırırdı. XII beşilliyi ittifaqda "nəqliyyat beşilliyi" elan edilməsi bunun bariz nümunəsi idi. Y.V.Andropov 1983-cü ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büro üzvlüyünə namizəd Heydər Əlirza oğlu Əliyevi Nazirlər Soveti Sədrinin birinci müavini kimi məsul vəzifəyə dəvət edərək, nəqliyyat strukturunun da hökumətin birinci müavini kimi Heydər Əliyevin nəzarətinə verməsi əslində çox şeydən xəbər verirdi. Ölkə rəhbəri yaxşı anlayırdı ki, iqtisadi həyatının qan damarları olan nəqliyyat strukturunda işin ahəngdar təşkilini, illərlə toplanıb qalan problemlərini Heydər Əliyev kimi böyük təcrübəyə, yüksək idarəetmə bacarığına malik bir kadr həll edə bilər. 1984-cü ildə Siyasi Büronun üzvü Heydər Əliyev komissiya sədri kimi, işlərin gedişi ilə əyani tanış olmaq üçün Baykal-Amur Magistralı marşrutu üzrə səfərə çıxır. Əslində, bu səfəri BAM tikintisində dönüş nöqtəsi də hesab etmək olar. Həm də bu, Baykal-Amur Magistralının tikintisi müddətində yüksək elita nümayəndəsi və Siyasi Büro səviyyəsində ilk rəhbər səfəri idi. Həmin səfərdə Heydər Əliyevi müşayiət edən nazirlik və aidiyyəti komitə nümayəndələri onun tikintidə işlərin keyfiyyətinə necə xüsusi diqqət yetirdiyini, sıravi adamlarla necə səmimi söhbətlər etdiyini, onların problemləri ilə necə maraqlandığının şahidi idilər. Bu qayğı ağır şəraitdə işləyən, min bir çətinliklərlə üzləşən fəhlələri daha da ruhlandırır, işin sürətini artırırdı. Heydər Əliyevin Siyasi Büro üzvü kimi təhlükəsizlik qaydalarına tam riayət etmədən su ilə dolmuş, bəzən torpaq laylarının qopduğu 7 kilometrlik tunellə dizə qədər suyun içində irəliləməsi və heç vaxt belə vəziyyətə düşməyən nümayəndələri də ardınca aparması gözlənilməz olmaqla yanaşı, həm də heyrətlə qarşılanmışdı. Unutmaq olmaz ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, yəni 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Bu gün ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.