YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici siyasətinin uğurları davamlıdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın uğurlu siyasəti nəticəsində beynəlxalq münasibətlər sistemində yeri və rolu günbəgün möhkəmlənir, müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına nail olur. Bu baxımdan artıq ADA Universitetində ənənə halını alan beynəlxalq forumları, konfransları xüsusi qeyd etmək istərdik. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. 30 ölkədən 64 nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev ötən konfransdan keçən qısa müddət ərzində Azərbaycanda və ətrafda baş verən hadisələrdən bəhs etdi. “Mən müntəzəm olaraq ADA Universitetinin forumlarında iştirak edirəm və artıq qeyd edildiyi kimi, biz sonuncu dəfə ötən il dekabrın əvvəlində görüşmüşük. O vaxtdan bəri Azərbaycanda və ətrafda bir çox hadisələr baş verib və deyərdim ki, bütün bu hadisələr müsbət məcrada cərəyan edib. Buraya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası daxildir. COP29-a gəldikdə isə, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir və biz hazırlığın fəal mərhələsindəyik. Bizim bir ildən az vaxtımız var idi və yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini də xüsusi qeyd etdi. Azərbaycan  iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Cənab İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırarkən qeyd olunan istiqamətlərdə əldə edilən nəticələri xüsusi qeyd etdi.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri zamanı Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə keçirilən təkbətək və geniş tərkibdə görüşlərində,  eləcə də cənab İlham Əliyevin   Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bu hədəfə xüsusi diqqət yönəldildi. “Sizin bugünkü səfəriniz əsasən iqlim siyasəti çərçivəsindədir və Azərbaycan COP29-un sədrliyini üzərinə götürüb, yəni, ev sahibi olacaq. COP28 çərçivəsində Dubayda vacib qərarlar qəbul olundu. Deməli, 2030-cu ilə qədər bərpaolunan enerji üç dəfə, enerji səmərəliliyi iki dəfə artırılmalıdır, metan tullantıları azaldılmalıdır. Həmçinin qeyd etmək istərdim ki, 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artırması çox gözəl bir xəbərdir. Almaniya 80 faizi hədəfləyib” söyləyən Almaniyanın Federal Kansleri Olaf Şolts bildirdi ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri hidrogen və bərpaolunan enerji sahələrində Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar. Təbii ki, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmalıdır.

Azərbaycan ilə Almaniya arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişsfı üçün imkanlar mövcuddur. Mətbuat konfransında Azərbaycanın demokratik inkişaf sahəsində gördüyü işlərə, qazanılan uğurlara da xüsusi diqqət göstərildi.

Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi, həmrəyliyi xüsusi yer tutur. Azərbaycanın böyük ailə kimi dəyərləndirdiyi türk dünyasının birliyinə yönələn addımları davamlılığı ilə diqqətdədir.  Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri yüksək dəyərləndirildi, türk dünyasının birliyinin bariz nümunəsi kimi vurğulanır. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarında qurulub. Ulu Öndər 1995-ci ildə  Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşündə və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Belə ki, 2022-ci ildə Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır. Azərbaycan və Qırğızıstan Prezidentlərinin qarşılıqlı səfərləri davamlılığı ilə diqqətdədir. Son bir ildən artıq dövrə nəzər salmaq kifayətdir. Qırğızıstan Prezidenti mətbuata bəyanatında böyük sevinc hissi ilə bildirdi ki, biz bərəkətli Azərbaycan torpağında növbəti dəfə olmağa şadıq və gözəl Bakı şəhərinə heyranlığımızı ifadə edirik. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham  Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla quran və Azərbaycan dövlətini möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevinirik: “Bu gün Azərbaycan Respublikasının hörmətli Prezidenti ilə Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində ikitərəfli əməkdaşlığın demək olar ki, bütün aktual məsələləri üzrə ətraflı danışıqlar apardıq, iki ölkənin müxtəlif nazirliklərinin rəhbərlərinin hesabatlarını dinlədik. İclasın yekunu olaraq iki ölkənin qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsinə yönəlmiş qərarlar qəbul olundu. Vurğulamaq istəyirəm ki, danışıqlar ənənəvi dostluq, şəffaflıq və etimad şəraitində keçdi. Bu da ölkələrimiz arasında qardaşlıq əlaqələrini xarakterizə edir.”