YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin inkişafına mühüm töhfə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun 2024-ci il aprel ayının 24- də Azərbaycana etdiyi səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.  Bu səfər iki dost, qardaş ölkə arasında əlaqələrin bundan sonrakı inkişafı üçün mühüm önəmə malikdir. Prezident İlham Əliyevlə Qırğız Respublikasının Prezidenti arasında keçirilən görüşlər, imzalanan sənədlər münasibətlərin yeni mərhələsi üçün perspektivlər açır. Qırğızıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib və ölkələrimiz arasında bu kimi məsələlərdə mövcud olan mövqe eyniliyi və ortaq baxışlar gələcəkdə də əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov  Ağdamda Qırğızıstan tərəfindən inşa ediləcək məktəbin təməlqoyma mərasimində və bir neçə mühüm obyektlərin açılışında iştirak ediblər.

Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi prioritet məsələ kimi öndə dayanır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi olur. Bütün bu amillər, ölkə başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər münasibətlərin daha intensiv şəkildə inkişafına da təsir edəcək. Bu eyni zamanda Azərbaycan-Qırğız birliyi fonunda türk dünyasının bir ailə kimi güclənməsinə, möhkəmlənməsinə hədəflənmiş mühüm strategiyadır. Azərbaycan hər zaman türk dünyasının birliyinə davamlı töhfələr verir. Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Beynəlxalq münasibətlərdə tərəflər arasında nəzərdə tutulan strateji əməkdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional anlamda bütün situasiyalarda tərəflər arasında sıx əməkdaşlığı, qlobal və regional proseslərə və problemlərə ümumi baxış və tərəflərin mövcud olduğu və həmçinin maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi sayılan bu əməkdaşlıq çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir.

Azərbaycanla Qırğızıstan arasında əlaqələr uğurla inkişaf edir. Qırğız Respublikası Prezidentinin ölkəmizə rəsmi səfəri münasibətlərin inkişafına mühüm töhfə olacaq. Azərbaycan və Qırğız xalqları arasında tarixi, mədəni və dini bağlaq mövcuddur. Bu amil iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.