YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi”

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının və Lənkəran – Astara regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramlara yad ediblər.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Bildirib ki, bugünkü Azərbaycan gəncliyi sağlam təməl prinsipləri üzərində qurulub. Bu təməl prinsipinin banisi isə Ulu Öndər Heydər Əliyevdir. Onun sözlərinə görə, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində də həlledici rol oynayıb.

Lənkəran – Astara regional Gənclər və İdman İdarəsinin Rəisi Teymur Babazadə, Lənkəran – Astara regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran – Astara regional Sosial Xidmətlər Agentliyinin əməkdaşı Orxan Dadaşzadə və gənc fəallar Allahverən Hüseynzadə, Əli Qədirli, Tural Şahbazov Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısından, gənclərin ölkəmizin ictimai-siyasi həyatında, elmimizdə səmərəli rolundan danışıblar.

Tədbirin sonunda bir qrup partiya fəalına təşəkkürnamələr, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbçilərin ailələrinə şəhidlərin ev muzeyinə qoyulmaq üçün xüsusi hazırlanmış saat təqdim edilib.

Sonda xatirə şəkili çəkilib.