YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi

“Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimiz Heydər Əliyevin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Bugünlər isə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü respublikamızın bütün guşələrində yüksək səviyyədə qeyd olunur”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, müasir Azərbaycan tarixinin mühüm bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi super dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə orada da kəskin fərqlənmişdi. Heydər Əliyev görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur. Millət vəkilinin sözlərinə görə, xalqımız 20 yanvar faciəsini yaşayarkən ümummilli liderimiz çoxlarının cürət etmədiyi qətiyyət göstərib Moskvada sovetlər birliyi rəhbərliyini ifşa etdi, imperiya siyasəti əleyhinə çıxdı, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur. Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu. Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı. Demokratik hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. “1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Parlamentinin sədri seçildi. Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu! Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Xüsusilə, Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın gələcəyi naminə parlamentdə mühüm qanun və qərarlar qəbul olundu. Bu gün Milli Məclisin fəaliyyətində də Heydər Əliyevin tövsiyələri, irəli sürdüyü ideyalar mühüm yer tutur. Bu gün müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız bu əsərin müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da xalqımız öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yeni-yeni zəfərlər qazanacaq!”,-deyə Fatma Yıldırım vurğulayıb.