YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin inkişaf perspektivləri müsbət və genişdir

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı ilə bağlı mərasimdə çıxış edən Prezident İlham Əliyev bu layihələrin reallaşdırılmasını mühüm tarixi hadisə kimi qiymətləndirdi. Həqiqətən də Azərbaycan bu gün bütün regon ölkələrinin və dost qonşu dövlətlərin inkişafına böyük töhfələr verir. Eyni zamanda da bu layihələrin gerçəkləşməsi ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə səbəb olur. Bu baxımdan qeyd edə bilərik ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının inşasında İranın böyük təcrübəsi həlledici rol oynayıb. Dövlət başçımızın dediyi kimi, bu layihə İran-Azərbaycan dostluğunun növbəti təzahürüdür.

Əlbəttə ki, bu dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar. Bu gün də iki dost ölkə istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı bir çox ortaq baxışlara malikdirlər. Bu, çox önəmli bir amildir. Çünki bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan münasibətləri həlledici amillərdən biri kimi çıxış edə bilər. Məhz bu münasibətlərin səmimi dostluq üzərində formalaşması sayəsində İran və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər və bundan sonra da bu dəstəyi göstərməkdə qərarlıdırlar.

Ölkələrimiz arasında əməkdaşlıqda ilk növbədə nəqliyyat layihələri xüsusi rol oynayır. O cümlədən hazırda çox sayda ölkələr üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar İran və Azərbaycan birgə səylər göstəriblər. Bu gün həmin səylərin nəticəsi göz qabağındadır. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hazırda Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil. Bu körpü eyni zamanda həm Şimal-Cənub, həm də Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Birmənalı olaraq demək olar ki, İran-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri də çox müsbətdir və genişdir. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır və heç bir kənar qüvvə bu münasibətləri poza bilməz.