YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki dost ölkə arasında münasibətlər yüksək səviyyədədir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Mərkəzi Asiya regionu ilə münasibətlərin möhkəmləndirilməsi hazırkı geosiyasi şəraitdə mühüm perspektivlər vəd edir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun  mayın 23-də  Azərbaycana dövlət səfəri bu gün də ölkə mətbuatında geniş müzakirə edilməkdədir. Cənab İlham Əliyevin qeyd etdiyi ki, ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır: “Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir.”

Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb. Tacikistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində də mühüm sənədlər imzalandı. Bunlar  “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,  “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”dir.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır.

İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan  Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci ildə Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır.

    Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.

  Bütün bunlar bir daha göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri  ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Tacikistan Prezidenti əminliklə qeyd etdi ki, Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq.

Prezident İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına  müsahibəsi  də bu gün müzakirə olunan məsələlər sırasındadır.  Müsahibə mayın 23-də dərc edilib. Prezident İlham Əliyev həmin müsahibəsində bildirir ki, hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Ölkə Prezidenti onu da qeyd edib ki, biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Hərəkata dörd il sədrlik etdik. 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq: “Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq?”