YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter ilə görüşmüşdür

İyunun 2-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter ilə görüşmüşdür.

Oqtay Əsədov Azərbaycan-İsveçrə əlaqələrindən, ölkələrimizin müxtəlif sahələrdəki əməkdaşlığından danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda 40-a yaxın İsveçrə şirkəti fəaliyyət göstərir. Xüsusi vurğulanmışdır ki, bu şirkətlərin böyük əksəriyyəti qeyri-neft sektorunda çalışır. Azərbaycan çox sürətlə inkişaf edir və artıq ölkəmiz İsveçrənin enerji sektoruna investisiya qoymağa başlamışdır.

Milli Məclisin sədri Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın möhkəmləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası əlaqələrin mühüm rol oynadığını vurğulamışdır. Oqtay Əsədov bu səfərin əlaqələrimizin inkişafına yeni təkan verəcəyini demişdir.

Azərbaycan-İsveçrə siyasi, iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Milli Məclisin sədri diqqətə çatdırmışdır ki, indiyədək ölkələrimiz arasında əməkdaşlığa dair 26 sənəd imzalanmışdır və 7 sənəd imzalanma ərəfəsindədir. O.Əsədov demişdir ki, yüksək səviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır. O vurğulamışdır ki, hər iki ölkə bir çox beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir.

Bildirilmişdir ki, Azərbaycan ATƏT Parlament Assambleyasının 23-cü sessiyasına ev sahibliyi edəcəkdir. Eyni zamanda, ölkəmiz 6 ay müddətində Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi həyata keçirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov bildirmişdir ki, ATƏT-in Minsk qrupu problemin həlli ilə məşğul olsa da hələ ki, bu istiqamətdə heç bir nəticə yoxdur. Eyni zamanda, BMT Təhlükəsizlik Şurası münaqişəyə dair dörd qətnamə qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur və hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Milli Məclisin sədri demişdir ki, ATƏT-in Minsk qrupunun bu məsələ ilə bağlı daha fəal olması üçün imkanlar yaradılmalıdır.

Prezident Didye Burkhalter Azərbaycan ilə İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir.

Azərbaycana eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri kimi səfərə gəldiyini deyən ali qonaq Prezident İlham Əliyev ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş fikir mübadiləsinin aparıldığını bildirmişdir. İsveçrə Prezidenti qeyd etmişdir ki, tərəflərin fikirlərini dinləmək və məlumatlı olmaq çox vacibdir. Prezident Didye Burkhalter növbəti iki gün ərzində Gürcüstanda və Ermənistanda olacağını və bu səfərlərin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini intensivləşdirməyə töhfə verəcəyinə ümidvar olduğunu demişdir.

Görüşdə gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılmışdır.

 

DİGƏR Xəbərlər Arxiv