YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Akif Əlizadə: Azərbaycan alimlərinin tədqiqat fəaliyyəti yaxın illərdə dünya elminə dəyərli töhfələr verəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada və İsveçrədə səfərdədir.

AMEA-dan bildiriblər ki, səfərin məqsədi “Milan Expo-2015” Ümumdünya sərgisi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Azərbaycan pavilyonunun dəstəyi ilə keçirilən elmi-kütləvi konfransda iştirak etməkdir.

Nümayəndə heyəti Luqano meriyasının dəvəti ilə İsveçrənin Luqano şəhərində keçirilən konfransda da iştirak edib.

Tədbirdə akademik A.Əlizadə Azərbaycanın bitki ehtiyatlarının biomüxtəlifliyi mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan öz torpaq-iqlim şəraiti və relyef müxtəlifliyi ilə biomüxtəlifliyin ən zəngin mərkəzlərindən biri hesab olunur. Dünyada mövcud olan 11 iqlim qurşağının doqquzunun Azərbaycanda olması burada bitki aləminin unikal gen fondunu, eləcə də yabanı və mədəni bitki müxtəlifliyinin mövcudluğunu qabaqcadan müəyyən edir.

Akademik qeyd edib ki, Azərbaycanın təbii florasında Qafqazın 70 faiz bitki müxtəlifliyini təşkil edən 935 cins və 125 fəsiləyə aid 5 minə yaxın bitki növü var. AMEA-nın prezidenti bitkilərin bir çox növlərinin mənşəyi və kultivasiyası, əhali tərəfindən yabanı bitkilərdən ərzaq, dərman və təsərrüfat məqsədilə istifadə, həmçinin taxıl, paxla, tərəvəz və bostan bitkiləri barədə ətraflı məlumat verib.

Akademik A.Əlizadə diqqətə çatdırıb ki, 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə elmi-praktiki problemlərin həllini təmin etmək məqsədilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və regionda ilk Milli Genbank yaradılıb. Hazırda bu bankda milli genefondu təmsil edən 7100 nümunədən çox qiymətli və nadir bitki növləri, tarla genbankında isə dörd minə yaxın bitki nümunəsi qorunub saxlanılır.

Yaşadığımız dövrün genom və yüksək texnologiyalar əsri olduğunu qeyd edən akademik hazırda Azərbaycanın biomüxtəlifliyinin öyrənilməsi üzrə planların dünya elminin müəyyən strateji istiqamətlərinə müvafiq olaraq qurulduğunu diqqətə çatdırıb.

Alim müəyyən edilmiş hədəflər və tədqiqat fəaliyyətinin ən yaxın illərdə yalnız Azərbaycana deyil, ümumilikdə dünya elminə öz dəyərli töhfələrini verəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, bu gün energetika, ərzaq və ekologiya təhlükəsizliyi kimi qlobal problemlər siyasətçiləri, iqtisadçıları, dünya alimlərini və hər bir mütərəqqi insanı narahat edən məsələlərdir. Proqnozlara görə, 2050-ci ilə yaxın planetdə insanların sayı doqquz milyarddan çox olacaq. Urbanizasiya sürətli templərlə artacaq, dünya əhalisinin təxminən 70 faizi şəhər sakini olacaq. Yaxın gələcəkdə bəşəriyyəti gözləyən aclıq, xəstəlik, kəskin iqlim dəyişiklikləri, ərzaq, əhali artımı və digər problemlərdən söz açaraq bir sıra fakt və proqnozlar da diqqətə çatdırılıb.

Konfransda, həmçinin akademik Rasim Əliquliyev “Neft strategiyasından İKT strategiyasına: nailiyyətlər və perspektivlər”, həmçinin geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev “Azərbaycanda palçıq vulkanları fenomeni” mövzularda məruzələrlə çıxış ediblər.

Nümayəndə heyəti İtaliyanın Turin şəhərinə də səfər edib. Burada Turin Elmlər Akademiyasının prezidenti ilə görüş keçirilib, akademiyanın zəngin kitabxanası ilə tanışlıq olub. Görüşdə iki qurum arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv