MÜSAHİBƏLƏR
Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası qlobal miqyasda nümunəvi modeldir
- Tahir müəllim, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu müxtəlif regionlardan on minlərlə iştirakçını bir araya gətirən mühüm beynəlxalq platformadır. Sizcə, bu Forum müasir şəhərsalma siyasəti, dayanıqlı urbanizasiya və “ağıllı şəhər” yanaşmalarının formalaşması baxımından qlobal miqyasda hansı yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfə verəcək?
- Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi sabitliyinin və təhlükəsizlik mühitinin yüksək səviyyədə olduğunun mühüm göstəricisidir. Müasir dövrdə belə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas şərtlərdən biri təhlükəsizlik, sabitlik və etibarlı tərəfdaşlıq mühitidir. Azərbaycanın bu etimadı qazanması Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Bu forum təkcə şəhərsalma sahəsində fikir mübadiləsi platforması deyil, eyni zamanda yeni iqtisadi inkişaf modellərinin müzakirə olunduğu qlobal mərkəz funksiyasını daşıyır. Çünki müasir şəhərsalma artıq yalnız binaların və yolların tikintisi anlamına gəlmir. Bu gün şəhərlərin rəqəmsal idarəetmə sistemləri, enerji səmərəliliyi, yaşıl iqtisadiyyat, ağıllı nəqliyyat infrastrukturu və insan kapitalına əsaslanan inkişaf modeli əsas prioritetlərdən hesab olunur. Bakıda keçirilən forumun ən mühüm tərəflərindən biri də inkişaf etməkdə olan ölkələrin urbanizasiya problemlərinə innovativ yanaşmaların təqdim edilməsidir. Dünya artıq klassik şəhərsalma modelindən “ağıllı şəhər” konsepsiyasına keçid edir. Burada süni intellekt, rəqəmsal texnologiyalar, yaşıl enerji və ekoloji dayanıqlılıq əsas istiqamətlərdir. Azərbaycan isə xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrlə bu sahədə nümunəvi model formalaşdırır. Forumun Bakıda keçirilməsi ölkəmizin iqtisadi imkanlarının və investisiya cəlbediciliyinin artmasına da ciddi töhfə verir. Belə tədbirlər xarici investorların diqqətini infrastruktur, tikinti, logistika, alternativ enerji və rəqəmsal iqtisadiyyat sahələrinə yönəldir. Eyni zamanda, Azərbaycanın regionun əsas iqtisadi və nəqliyyat qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirir. Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın humanitar diplomatiya sahəsində həyata keçirdiyi layihələr, müxtəlif beynəlxalq təşəbbüslərə verdiyi dəstək Azərbaycanın dünyada humanist və multikultural dəyərlərə sadiq ölkə kimi tanınmasına mühüm töhfə verir. Bu isə öz növbəsində ölkəmizin beynəlxalq tədbirlər üçün etibarlı tərəfdaş kimi qəbul edilməsində mühüm rol oynayır.
- İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda yeni sosial-iqtisadi modelin formalaşdırılması kimi dəyərləndirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələri və innovativ yanaşmalar əsasında həyata keçirilən layihələr regionun gələcək inkişafında mühüm əhəmiyyətə malikdir...
- İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi əslində Azərbaycanın yeni iqtisadi inkişaf strategiyasının əsas sütunlarından biridir. Burada məqsəd sadəcə dağıdılmış infrastrukturun bərpası deyil, müasir texnologiyalara əsaslanan yeni iqtisadi modelin qurulmasıdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət regionun uzunmüddətli iqtisadi inkişafını təmin etməyə hesablanıb. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın rəqəmsal transformasiya siyasətinin mühüm tərkib hissəsidir. Burada enerji təminatı, nəqliyyat sistemi, kommunal xidmətlər və idarəetmə mexanizmləri rəqəmsal platformalar üzərindən həyata keçirilir. Bu yanaşma həm idarəetmədə şəffaflığı artırır, həm də resurslardan səmərəli istifadəni təmin edir. Eyni zamanda, yaşıl enerji layihələri regionun iqtisadi gələcəyində xüsusi rol oynayır. Qarabağ və Şərqi Zəngəzur artıq “yaşıl enerji zonası” elan olunub. Günəş, külək və su enerji potensialından istifadə olunması Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirəcək. Bu layihələr həm də ölkəyə xarici investisiya axınının artmasına şərait yaradır. Burada əsas məsələlərdən biri də iqtisadi reinteqrasiyadır. Yeni sənaye parklarının, aqroparkların, logistika mərkəzlərinin yaradılması regionun iqtisadi fəallığını artıracaq, məşğulluğu genişləndirəcək və əhalinin sosial rifahına müsbət təsir göstərəcək. Yəni Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın yeni iqtisadi artım mərkəzlərindən birinə çevriləcək. Bu proses həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır. Azərbaycan postmünaqişə dövründə dağıntılar üzərində yeni inkişaf modeli qurur və regionu Cənubi Qafqazın iqtisadi və logistika mərkəzlərindən birinə çevirməyə çalışır. Bu baxımdan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə təqdimatı üçün də mühüm platformadır.
- Hazırda dünya iqtisadiyyatında geosiyasi risklərin artması, enerji və nəqliyyat marşrutları uğrunda rəqabətin dərinləşməsi, eləcə də rəqəmsal transformasiya proseslərinin sürətlənməsi yeni iqtisadi reallıqlar formalaşdırır. Belə bir şəraitdə nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının gücləndirilməsi və qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət siyasəti Azərbaycanın iqtisadi dayanıqlılığının artmasına və qlobal arenada mövqeyinin möhkəmlənməsinə necə təsir edir?
- Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi təhlükəsizlik artıq dövlətlərin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə geosiyasi risklərin artdığı, enerji bazarlarında qeyri-sabitliyin müşahidə olunduğu bir dövrdə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət ölkənin dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Cənab Prezidentin rəhbərliyi ilə son illərdə həyata keçirilən iqtisadi diversifikasiya siyasəti nəticəsində Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda regionun mühüm nəqliyyat-logistika və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan bu strateji üstünlüyünü iqtisadi dividendlərə çevirməyi bacarıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz layihəsi və yeni logistika infrastrukturu Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bu isə ölkəyə əlavə valyuta axını, yeni investisiyalar və regional iqtisadi təsir imkanları qazandırır. Xüsusilə Orta Dəhlizin aktuallaşması fonunda Azərbaycanın geoiqtisadi əhəmiyyəti daha da yüksəlir. Digər mühüm istiqamət qeyri-neft sektorunun inkişafıdır. Dövlət tərəfindən sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və rəqəmsal iqtisadiyyat sahələrinə yönəldilən investisiyalar iqtisadiyyatın neftdən asılılığının azalmasına xidmət edir. Bu, həm iqtisadi dayanıqlılığı artırır, həm də uzunmüddətli inkişaf üçün daha sabit model formalaşdırır. Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də ölkənin iqtisadi və siyasi imicinə müsbət təsir göstərir. Çünki beynəlxalq biznes dairələri və investorlar üçün əsas amillərdən biri təhlükəsizlik və sabitlikdir. Azərbaycanın bu baxımdan etibarlı tərəfdaş kimi çıxış etməsi ölkəyə marağı artırır. Eyni zamanda qeyd etməliyik ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar və mədəni diplomatiya sahəsində həyata keçirdiyi beynəlxalq layihələr də Azərbaycanın yumşaq güc potensialını gücləndirir. Bu fəaliyyət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artır, Azərbaycan dünyada tolerant, multikultural və etibarlı dövlət kimi qəbul olunur. Bu isə həm siyasi, həm də iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verir.
