MÜSAHİBƏLƏR
Azərbaycanın iqtisadi şaxələndirmə siyasətində yeni mərhələ
- Aydın müəllim, ölkə iqtisadiyyatı üçün perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının qəbulunun gələcək hədəflər baxımından əhəmiyyəti nədən ibarətdir?
- Hesab edirəm ki, "Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı" Azərbaycanın iqtisadi şaxələndirmə siyasətində keyfiyyətcə yeni mərhələdir. Burada söhbət yalnız faydalı qazıntıların hasilatının artırılmasından getmir. Əsas strateji məqsəd xammaldan son məhsuladək bütöv dəyər zəncirinin ölkə daxilində formalaşdırılması, mineral resursların daha səmərəli iqtisadi dövriyyəyə cəlb edilməsi və yüksək əlavə dəyər yaradan metallurgiya istehsalının genişləndirilməsidir. Prezident İlham Əliyevin 1 aprel 2026-cı il tarixli Sərəncamında da məhz bu yanaşma dövlət siyasətinin əsas istiqaməti kimi müəyyən edilib.
Proqramın iqtisadi miqyası kifayət qədər böyükdür. 2027–2030-cu illərdə ümumi investisiya ehtiyacı 5,3 milyard manat həcmində qiymətləndirilir. Bunun təxminən 80 faizinin dövlət büdcəsindən kənar mənbələr – dövlət müəssisələrinin, özəl sektorun və borc kapitalının imkanları hesabına formalaşdırılması nəzərdə tutulur. Nəticədə sektor üzrə əlavə dəyərin və illik ixrac potensialının 2,6 dəfə artırılması hədəflənir. Bu faktor Azərbaycan iqtisadiyyatı üçün üç mühüm nəticə verə bilər. Birincisi, qeyri-neft ixracının strukturunda metal filizləri və metallurgiya məhsullarının çəkisi artacaq. İkincisi, sənaye istehsalında daha yüksək texnoloji mərhələyə keçid sürətlənəcək. Üçüncüsü, regionlarda yeni sənaye klasterləri və ixtisaslaşmış əmək bazarı formalaşacaqdır.
Xüsusilə “Filizçay”, “Dəmirli”, “Zəylik”, həmçinin Qarabağ və Şərqi Zəngəzurdakı yataqların perspektivlərinin qiymətləndirilməsi proqramın yalnız 2030-cu ilə qədər olan cari hədəfləri deyil, daha uzunmüddətli sənaye strategiyasını da formalaşdırdığını təsdiqləyir. Yəni bu Dövlət Proqramını ayrıca bir sahənin inkişaf sənədi kimi deyil, Azərbaycanın postneft dövrünə hazırlığının, ixracın diversifikasiyasının və yeni sənaye iqtisadiyyatının formalaşdırılmasının mühüm vasitələrindən biri kimi dəyərləndirmək lazımdır.
- Qeyri-neft sektorunun inkişafı, sənaye parkları və aqroparkların yaradılması istiqamətində görülən işlər hansı nəticələr verir?
- Son illərin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft gəlirlərindən asılılığın mərhələli şəkildə azaldılması və qeyri-neft sektorunda dayanıqlı istehsal bazasının yaradılmasıdır. Sənaye parkları, sənaye məhəllələri və aqroparklar bu siyasətin institusional alətləridir. Onların əsas üstünlüyü istehsalçı üçün hazır infrastruktur, vergi və gömrük güzəştləri, logistika imkanları və daha aşağı başlanğıc xərcləri təmin etməsidir.
Statistik məlumatlara görə, sənaye zonalarına indiyədək 7,2 milyard manat investisiya yatırılıb və 11 200-dən çox faktiki iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 1,7 milyard manatdan çox investisiyanın qoyulması və 11 mindən çox yeni daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarının rezidentləri tərəfindən ümumilikdə 20,3 milyard manatlıq məhsul istehsal edilib, bunun 6,4 milyard manatlıq hissəsi ixrac olunub. Bu göstəricilər artıq sənaye parklarının sadəcə investisiya cəlbi mexanizmi olmadığını, əksinə real istehsal və ixrac platformasına çevrildiyini nümayiş etdirir. Məsələn, Sumqayıt Sənaye Parkında faktiki investisiyalar 5,5 milyard manatı keçib, 6 mindən çox daimi iş yeri yaradılıb, rezidentlərin satış həcmi 15,4 milyard manata, ixracı isə 5,7 milyard manata çatıb. Ağdam Sənaye Parkında isə 2026-cı ilin ilk yarısında 976 milyon manatlıq məhsul satılıb, 1200-dən çox daimi iş yeri yaradılıb.
Aqroparkların rolu isə kənd təsərrüfatında məhsuldarlığın, emalın və logistikanın bir məkanda birləşdirilməsi baxımından əhəmiyyətlidir. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində 51 aqropark fəaliyyət göstərir. Burada əsas iqtisadi effekt multiplikativ xarakter daşıyır. Bir istehsal müəssisəsi yalnız öz daxilində deyil, xammal təchizatı, logistika, qablaşdırma, servis, emal və satış zəncirində də əlavə iqtisadi fəallıq yaradır. Bu model regionların iqtisadi ixtisaslaşmasını gücləndirir, qeyri-neft ixracını artırır və məşğulluğun daha balanslı coğrafiyasını formalaşdırır.
- Yerli və xarici investorların ölkə iqtisadiyyatına, xüsusilə də dağ-mədən və metallurgiya sənayesinin inkişafına töhfəsi barədə nə deyə bilərsiniz?
- Müasir iqtisadi inkişaf modelində dövlət investisiyası başlanğıc infrastruktur və strateji istiqamətləri müəyyən edir, özəl və xarici kapital isə genişlənməni, texnologiya transferini, idarəetmə təcrübəsini və bazara çıxışı sürətləndirir. Dağ-mədən və metallurgiya sənayesində bu əməkdaşlıq xüsusilə vacibdir, çünki söhbət böyük həcmli kapital qoyuluşları, uzun investisiya dövrü və yüksək texnoloji tələblərdən gedir.
Dövlət Proqramında nəzərdə tutulan 5,3 milyard manatlıq ümumi investisiyanın təxminən 2 milyard manatının özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşdırılması planlaşdırılır. Bu faktor özəl sektorun proqramın tamamlayıcı iştirakçısı deyil, əsas maliyyə dayaqlarından biri kimi nəzərdə tutulduğunu təsdiqləyir.
Xarici investorların töhfəsi yalnız maliyyə resursu ilə məhdudlaşmır. Belə layihələr müasir geoloji kəşfiyyat, filizin zənginləşdirilməsi, metallurgiya emalı, ekoloji standartlar, rəqəmsal mədənçilik və beynəlxalq satış kanalları üzrə yeni texnologiya və idarəetmə təcrübəsi gətirə bilər. Dövlət Proqramında xarici investorların marağı əsasında illik təxminən 200 min ton gücündə yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanının araşdırılması da bu yanaşmanın göstəricisidir. Eyni zamanda, mövcud nümunələr investor-dövlət əməkdaşlığının konkret nəticə verdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan məlumata əsasən, “Azerbaijan International Mining Company Limited” üzrə dövlət təmsilçiliyinin gücləndirilməsindən sonra hasilat və dövlətin mənfəət payında əhəmiyyətli artım qeydə alınıb. “Dəmirli” yatağında hasilatın bərpası da 2026-cı ildə artımın əsas mənbələrindən biri kimi göstərilib.
Ümumilikdə isə investisiya təşviqi mexanizmi üzrə 2026-cı il iyulun 1-dək təqdim edilmiş sənədlər əsasında 9,2 milyard manatdan çox investisiya və 46 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur, xüsusilə də təşviq edilən layihələrin 86,9 faizi regionların payına düşür. Bu baxımdan dövlət həmin məsələyə yanaşması aydındır. Belə ki, milli sərvətlər iqtisadi dövriyyəyə cəlb edilməli, lakin onların yaratdığı əlavə dəyərin, məşğulluğun, vergi gəlirlərinin və texnoloji kompetensiyaların maksimum hissəsi ölkə iqtisadiyyatında qalmalıdır. Yerli və xarici investisiyanın strateji əhəmiyyəti də məhz sözügedən məqsədə xidmət edəcəkdir.
