Xəbərlər
Azərbaycan diplomatiyası: tarixi Zəfərin reallıqları fonunda regional sülh və sabitlik təmin olunub
Tofiq Cahangirov
YAP İdarə Heyətinin üzvü
8 noyabr 2020-ci ildə Azərbaycan öz tarixinin ən parlaq səhifələrindən birini yazdı. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqın milli birliyinin zirvəsi, otuz illik həsrətin sonu oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, yenilməz ordumuzun şücaəti, xalqımızın öz Prezidenti ətrafında yumruq kimi birləşməsi nəticəsində düşmən üzərində həlledici qələbə qazandıq, torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Tarixi Zəfər cəmi 44 günə əldə olunsa da, ona gedən yol çox uzun - 30 ilə yaxın davam etdi. Münaqişənin illərlə davam etməsi artıq Azərbaycan xalqının, onun Liderinin səbrini daşırdı, düşmənin artan təxribatları fonunda hərbi əməliyyatları qaçılmaz etdi.
Birincisi, ona görə ki, böyük dövlətlər, ATƏT-in Minsk Qrupu ciddi-cəhdlə ya münaqişəni dondurmağa çalışır, ya da Azərbaycanı qeyri-əlverişli şərtlərlə sülh bağlamağa məcbur etmək istəyirdilər. BMT Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi yerinə yetirilmirdi.
İkincisi, artıq sülh danışıqları tamamilə dalana dirənmişdi. ATƏT-in Minsk Qrupu yarandığı gündən münaqişənin həlli üçün heç bir ciddi addım atmamışdı. Tərəflərin mövqeləri isə barışmaz olaraq qalırdı: Azərbaycan ərazi bütövlüyünün bərpasında, Ermənistan isə Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnda israr edirdi. İrəliləyişin olmaması səbəbindən Azərbaycan tərəfi itirilmiş ərazilərə nəzarəti bərpa etmək üçün hərbi gücdən istifadə edəcəyi barədə dəfələrlə xəbərdarlıq etmişdi.
Üçüncüsü, düşmənin təxribatları ara vermirdi. Atəşkəs rejimi aramsız olaraq pozulurdu. Təmas xətti boyunca müntəzəm olaraq silahlı insidentlər və eskalasiyalar baş verirdi. 2016-cı ilin aprelində baş verən dördgünlük müharibə də elə bunun nəticəsi idi. 2020-ci ilin avqustda Ermənistan tərəfinin daha geniş hərbi təxribatlara əl atması vəziyyəti daha da gərginləşdirdi.
Ən nəhayət, regionda güc balansında dəyişiklik də Azərbaycanın qətiyyətli addım atmasını zəruri edirdi. 2003-cü ildən Zəfərə doğru inamla və qətiyyələ addımlayan Müzəffər Ali Baş Komandan 2020-ci ilə qədər Azərbaycanın hərbi və iqtisadi potensialını əhəmiyyətli dərəcədə gücləndirmiş, regionda hərbi-strateji balansı dəyişdirmişdi. Beləliklə, 44 günlük müharibə münaqişənin diplomatik həllinin mümkünsüzlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilər üzərində suverenliyini bərpa etmək istəyinin nəticəsi idi.
2020-ci ilin sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun əzmi ilə düşmənin layiqli cavabı verildi. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı düşməni sarsıtdı. Hər qarış torpaq uğrunda mübarizə aparan ordumuz günü-gündən irərlilədi - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və nəhayət Şuşa azad edildi.
Bu Qələbə təkcə silahla, texnoloji üstünlüyümüzlə deyil, həm də inamla, milli birliyimizlə qazanıldı. Hər bir azərbaycanlı bu müharibənin müxtəlif səngərlərində idi: kimisi döyüşür, kimisi informasiya cəbhəsində mübarizə aparır, kimisi diaspor fəalı kimi beynəlxaq platformada haqlı mübarizəmizi müdafiə edirdi.
Nəhayət, 8 noyabr 2020-ci il Azərbaycanın tarixinə Zəfər Günü kimi yazıldı. O gün Şuşanın azadlığı təkcə bir şəhərin deyil, bütöv bir millətin ruhunun azadlığı idi. Bu qələbə ilə Azərbaycan 30 illik ədalətsizliyə son qoydu, beynəlxalq hüququn bərpasını təmin etdi və bütün dünyaya öz gücünü göstərdi.
2023-cü il sentyabrın 19-20-də isə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Düşmən üzərində əldə olunan tarixi Zəfər Cənubi Qafqazın siyasi xəritəsini tamamilə dəyişdirdi. Azərbaycan regionda lider və qərarverici qüvvə kimi mövqeyini möhkəmləndirdi. Ermənistan illərlə apardığı işğalçılıq siyasətinə son qoymağa məcbur oldu, sülh gündəmi önə keçdi. Yeni reallıqlar formalaşdı - sülh, əməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası məsələləri regionun prioritetləri sırasına daxil oldu. Qafqaz artıq dünyanın gündəminə münaqişə məkanı deyil, sülh və inteqrasiya üçün imkanlar regionu kimi gəldi.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələdən sonra Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş torpaqlarda nəhəng quruculuq və bərpa işləri həyata keçirilir. Artıq azad olunan rayonlara 50 mindən artıq insan qaydıb. Yeni yollar, hava limanları, elektrik xətləri, su və qaz infrastrukturları, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir. Füzuli və Zəngilan hava limanları artıq fəaliyyət göstərir, Laçın aeroportu tikilməkdədir. Şuşa yenidən mədəniyyət paytaxtına çevrilib - orada muğam, ədəbiyyat, incəsənət yenidən canlanır. Minalardan təmizlənən kəndlərə həyat qayıdır, köç prosesi mərhələli şəkildə davam edir.
Artıq 5 ildir ki Azərbaycan təkcə kənd və şəhərlərini deyil, öz milli ruhunu da inşa edir. Bu müddətdə hiss etdiklərimiz təkcə keçmişin və bu günün qüruru deyil, həm də gələcəyin məsuliyyətidir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda tikilən hər ev, salınan hər yol, əkilən hər ağac şəhid qanı ilə suvarılmış müqəddəs torpaqlarda yeni bir başlanğıcdır. Azərbaycan artıq tarixi Zəfərini reallıqda yaşayır.
