Xəbərlər
Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya əməkdaşlıq çərçivəsinə daşıdı
Şəbnəm Həsənova
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
Son zamanlar Mərkəzi Asiya ilə Azərbaycan arasında bu günə qədər əldə edilən, gözlə görünən dərəcədə isə artmağa layiq olan uğurların təməlində təbii birliyimiz dayanır. Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü münasibətlərin bu yerində daha güclü siyasi dialoq, iqtisadi inteqrasiya və kollektiv təhlükəsizliyə vurğu etdi. Görüşdə əlamətdar bir nəticə əldə edildi ki, liderlər yekdilliklə Azərbaycanın formata tamhüquqlu üzv kimi qəbul edilməsini təsdiqlədilər. Bu isə sadəcə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə son dərəcə köklü, əsaslı, yaradılan reallıqlardan sonra daha da səmimiləşən münasibətlərinin yeni bir fundamental, hüquqi baza qazanması baxımından önəmli deyil. Sözügedən nəticə bütövlükdə geniş strateji coğrafi mövqe, təbii ehtiyatlar əsas tutularaq indiyə qədər kök salan, bundan sonra isə oxun dəyişdirilməyə çalışılaraq rəqabət mərkəzində son dərəcə cəlbedici görünən Mərkəzi Asiya regionunun aktorlarında faktiki olaraq Cənubi Qafqaz təsəvvürünün dəqiqləşdirilməsidir. Məhz həm də buna görədir ki, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri tərəfindən qərar tarixi adlandırıldı. Bununla da əslində Azərbaycan bütün regionu-Cənubi Qafqazı rəsmi olaraq Mərkəzi Asiya əməkdaşlıq çərçivəsinə daşıdı. Cənubi Qafqazı inkar etmədən regionla davam edən fəaliyyətimizin arealı Mərkəzi Asiyaya qədər genişlənir. Yəni, biz atdığımız addımlarla yerləşdiyimiz regionu təmsil etməklə siyasətimizin arealını böyüdür, region ölkələrinin də siyasətini şaxələndirir, manevr imkanlarını açırıq.
Azərbaycan və Mərkəzi Asiya vahid bir formata çevrilir. Əlaqələrimizin təməlində dayanan tarixi, mədəni, mənəvi amillər yeni bir transformasiya keçirirərək siyasi mərkəz halına dönüşür. Azərbaycan Mərkəzi Asiyanın sadəcə mərkəzinə deyil, ürəyinə yerləşdirilir. Məhz bu cür səmimi münasibətlərdə ortaq sərvətimiz olan Xəzər dənizi bizim həssas nöqtəmiz olmalıdır ki, məsələyə Azərbaycan Prezidenti İlham Əliyev daha özünəməxsus, incə yanaşmaqla ayırıcı xətlər üzərindən deyil, tam əksinə birləşdirici körpü perspektivindən baxır. Dövlət başçımızın səyləri bir araya gətirmək üçün hər zaman ortaq nöqtələr axtarışında olduğu məlumdur. Məhz buna görədir ki, Daşkənd görüşündə liderlər Xəzər dənizindən dünya bazarlarına qədər uzanan daha geniş əlaqə məkanının təməlinin qoyulduğunu vurğuladılar. Bu vurğu özünü iqlim və su məsələlərində göstərdi. Belə ki, rasional su istifadəsi üzrə təklif edilən onillik (2026–2036) plan və regional su mükəmməlliyi mərkəzi bu işdə əsas töhfələrdən olacaq. Region artıq beş ölkədən ibarət deyil, Azərbaycan da daxil olmaqla sayı altıya çatır. Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür. Alınan qərarın nəticəsi olaraq Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən görüşlərdə dövlət, hökumət başçıları, nazirliklər, dövlət və ictimai təşkilatlar səviyyəsində iştirak edəcək.
Şübhəsiz ki, Azərbaycanın iştirakı formata güclü təkan verəcək. Xüsusilə, ticarət, investisiya, mədəni əlaqələri genişləndirərək iki strateji əhəmiyyətli bölgədə əlaqələndirilmiş inkişafı təmin edəcəyik. Bu görüş həm də onunla əlamətdar oldu ki, regional əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinə də diqqət yetirildi. Mövcud məsləhət sistemini uzunmüddətli strateji platformaya - "Mərkəzi Asiya Birliyinə" çevirmək üçün daha güclü institutlar kimi xarakterizə olunan rotasiyalı Katiblik, Ağsaqqallar Şurası və milli koordinatorların rollarının artırılmasını nəzərdə tutan təkliflər də irəli sürüldü. Deməli, ümumi hədəflərə nail olmaq baxımından addımlar sistematik şəkildə müəyyənləşdirilir. Sərhədlər yenidən açılır, mübahisə və fikir ayrılıqlarının öhdəsindən gəlinərək münasibətlər yenidən nəzərdən keçirilirsə, buna təkan olaraq regional ticarət 10,7 milyard dollara çatır, investisiyalarda isə 17% artım müşahidə olunan statistik nəticə əldə edilirsə, regional inteqrasiyanın qarşısının alınması ən sadə və təbii halda mümkün deyil. 2035-ci ilə qədər ortaq investisiya məkanında regional ticarət proqramının, elektron ticarətdə əməkdaşlıq planlarının daha da genişləndirilməsi münasibətlərə tamamilə yeni nəfəs gətirəcək. Burada söhbət sadəcə Azərbaycanla, türk dünyası ilə münasibətlərin möhkəmləndirilməsindən getmir, həm də nəqliyyat bağlantıları baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Trans-Əfqan marşrutu da daxil olmaqla əsas dəhlizlər üzərində birgə işdən də söhbət gedir. Regional təhlükəsizlik konsepsiyasının qəbul edilməsi həm də Əfqanıstanın enerji və nəqliyyat layihələrinə cəlb edilməsinə dəstəkdir.
Mənəvi irsin qorunması üçün yeni elmi təşəbbüslər üzrə illik konqreslər keçirilməli, humanitar mübadilə artırılmalıdır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanla Orta Asiya dövlətləri arasında münasibətlər xüsusidir. Bu xüsusiliyi Qarabağın bərpasına qardaşlarımızın verdiyi dəstəklə türkün xüsusiyyətində gördük. Strateji tərəfdaşlıq vacib amildir. Bu, münasibətlərin aktiv siyasi dialoq və artan iqtisadi, mədəni və humanitar əməkdaşlıqla möhkəmlənən strateji tərəfdaşlığa çevrildiyini vurğulayır. Bu baxımdan dövlət başçımız çıxışında Azərbaycanın regional əlaqədə artan rolunu qeyd edərək, əsas infrastruktur layihələrini, Orta Dəhliz vasitəsilə tranzitin sürətli artımını və Rəqəmsal İpək Yolu və Xəzər enerji əlaqələri kimi yeni təşəbbüsləri qeyd etdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Suyun İstifadəsi üzrə Mərkəzi Asiya Çərçivə Konvensiyasını, vahid yük izləmə sistemini və regionun tranzit potensialını açmaq üçün hərtərəfli nəqliyyat strategiyasını təklif edərək su təhlükəsizliyi, nəqliyyat əlaqəsi və iqtisadi inteqrasiyanı vurğuladı ki, bu da əsas məsələlər üzrə daha güclü regional koordinasiyaya çağırışdır. Həmçinin Tokayev tərəfindən nadir torpaq metallarının, süni intellektin və turizm sahələrində əməkdaşlığın vurğulanaraq, Azərbaycanın bu formata qoşulmasının alqışlanması müasir sahələrə indiyə qədər Azərbaycanın verdiyi töhfələrin təqdir edildiyindən, Azərbaycan Liderinin proqressiv vizyonundan xəbər verir.
