Xəbərlər
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri fəal investisiya layihələri həyata keçirir
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində həm ölkəmiz, həm də regionumuzla bağlı olduqca vacib məqamlara toxunub. Ölkə başçısı müsahibəsində son illər Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərə toxunaraq qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycanın Özbəkistanla münasibətləri də xüsusi qeyd edilməlidir. Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Dost ölkələri ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər.
Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, din və dil birliyi birləşdirir. Hər iki ölkə Sovet İttifaqının süqutundan sonra müstəqil dövlətlər kimi öz xarici siyasətlərini müəyyənləşdirərkən bir-birinə yaxın dayanmışdır. Son onilliklərdə dövlət başçıları arasında qarşılıqlı səfərlər və imzalanan sənədlər bu münasibətlərin sabit və möhkəm təməl üzərində qurulduğunu göstərir. Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi ilk növbədə dövlət başçıları arasında mövcud olan yüksək qarşılıqlı etimadın nəticəsidir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri, imzalanmış çoxsaylı strateji sənədlər iki ölkənin münasibətlərini qardaşlıq və müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Əməkdaşlığın genişlənməsi üzrə müzakirələr yalnız ikitərəfli məsələlərlə məhdudlaşmır, həm də regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya, enerji və Türk dünyasının birliyi ilə bağlı strateji mövzuları əhatə edir. Özbəkistanın Qarabağın bərpasına töhfə verən ölkə olması iki xalq arasında sarsılmaz dostluğun və qardaşlığın təcəssümünə çevrilib. Füzuli rayonunda Özbəkistan tərəfindən tikilmiş və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb erməni işğalından azad edilmiş ərazilərdə həyata keçirilən ilk sosial layihədir. Bu məktəb Azərbaycan və Özbəkistan arasında mənəvi və tarixi bağların əyani nümunəsi kimi çıxış edir. Digər mühüm layihə isə Xankəndidə Özbəkistan sərmayələri ilə inşa edilmiş tikiş fabrikidir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi ölkələrimizi fiziki olaraq ayırsa da, əslində, mühüm birləşdirici amildir. Belə ki, bu gün Xəzər sadəcə coğrafi anlayış deyil, eləcə də xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Ölkələrimizi bu coğrafiya ilə yanaşı, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Ölkəmizin başçısı Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakının əhəmiyyətindən bəhs edib. Mərkəzi Asiya son illər regionlararası əməkdaşlığın və strateji dialoqun mərkəzinə çevrilib. Ənənəvi olaraq qlobal güclərin kəsişmə nöqtəsində yerləşən bu bölgə XXI əsrin yeni geosiyasi reallıqları fonunda özünün müstəqil regional inteqrasiya modelini formalaşdırmağa başlamışdır. Bu prosesin mühüm mərhələlərindən biri Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşüdür. Görüş region dövlətləri arasında həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edən vacib platforma kimi çıxış edir.
Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən dövləti olan Özbəkistanın Azərbaycanla olan sıx münasibətləri əldə olunan müsbət nəticələr hər iki ölkənin uğurudur Dövlətlərarası münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlarda üzvlük çərcivəsində qarşılıqlı fəaliyyət, hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsi dostluğun göstəricisidi. Cənab Prezidentin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, strateji xarakterini özündə ehtiva edir.
