YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi sabitlik cəmiyyətin davamlı tərəqqisinə töhfə verir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası artıq üç onillikdən çoxdur ki, Azərbaycan siyasi həyatının aparıcı qüvvəsi kimi ölkənin taleyində həlledici rol oynayır. Bu partiyanın siyasi ideologiyasının əsasında Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi dayanır. O məktəbin prinsipləri — milli maraqlara sədaqət, xalqla birliyin qorunması, müstəqilliyin dönməzliyi və inkişafın təmin olunması bu gün də YAP-ın fəaliyyət istiqamətlərinin əsasını təşkil edir. Partiyanın formalaşdığı dövrdə qarşıya qoyulan məqsəd dövlətin bərpası və cəmiyyətin birliyinə nail olmaq idisə, bu gün YAP həmin tarixi missiyanı müasir çağırışlara uyğun şəkildə davam etdirir. Azərbaycan artıq bölgənin lider dövlətinə çevrilib və bu reallığın arxasında Yeni Azərbaycan Partiyasının strateji siyasi xətti dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə partiyanın fəaliyyəti yeni məzmun, yeni dinamika qazanıb. Dövlət başçısının modern idarəetmə modeli, çevik və islahat yönümlü siyasəti YAP-ın təşkilati və ideoloji strukturuna da öz təsirini göstərib. Partiya bu gün artıq yalnız siyasi idarəetmənin deyil, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısına çevrilib. Onun gənclər təşkilatı və regional strukturları cəmiyyətin bütün sahələrinə inteqrasiya olunaraq, xalqla hakimiyyət arasında möhkəm bağlantı yaradır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, sosial və humanitar proqramların icrasında YAP üzvləri təşəbbüskarlıq və məsuliyyət nümayiş etdirirlər. Bu da partiyanın xalq arasında etimadını daha da gücləndirir, onun siyasətə milli dayaq kimi baxılmasını təmin edir.

Yeni Azərbaycan Partiyasının bugünkü fəaliyyəti bir daha sübut edir ki, o, yalnız keçmişin siyasi təcrübəsini deyil, həm də gələcəyin inkişaf istiqamətlərini müəyyənləşdirən strateji qüvvədir. YAP dövlətin modernləşməsi prosesinin aparıcı hərəkətverici qüvvəsidir. Rəqəmsal idarəetmənin tətbiqi, regionların bərpası, “Böyük Qayıdış” proqramının icrası kimi mühüm layihələrdə partiya fəalları ön sıralardadır. Bu, Ulu Öndərin ideyalarının müasir dövrdə yaşayaraq yeni məzmunla zənginləşdiyini göstərir. 

“Güclü lider, güclü dövlət, güclü partiya” konsepsiyası Yeni Azərbaycan Partiyasının fəaliyyət fəlsəfəsinin təməl daşıdır. Birmənalı olaraq deyə bilərik ki, Yeni Azərbaycan Partiyası milli həmrəyliyi, siyasi sabitliyi və inkişafı təcəssüm etdirir.