Xəbərlər
Yeni reallıqlar davamlı inkişaf yolunun bariz nümunəsidir
Anar Məmmədov
Milli Məclisin deputatı
25 noyabr Azərbaycan tarixində Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. 27 il davam edən işğaldan sonra Kəlbəcər 2020-ci il Vətən Müharibəsinin möhtəşəm hərbi-siyasi qələbəsi sayəsində bir güllə belə atılmadan, təslim aktı əsasında Azərbaycana qaytarıldı. Haqq savaşına qalxan ordumuzun şanlı zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Hətta mənfur düşmən üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Kəlbəcər rayonunu tərk edərkən, 1992-ci ildə olduğu kimi, vandallıqlarından əl çəkməyərək barbarlıqlarını davam etdirdilər. Kəlbəcəri tərk edərkən evləri yandırır, infrastrukturu məhv edir, meşələrə od vurur, ağacları kütləvi şəkildə kəsərək yük maşınları ilə Ermənistana daşıyırdılar. Faktiki olaraq Ermənistan dünyanın gözü qarşısında Azərbaycan təbiətinə qarşı ekoloji terror törətdi. Əminliklə deyə bilərik ki, Azərbaycan Ermənistan üzərində qazandığı böyük qələbə nəticəsində tarixi torpaqlarımızı işğaldan azad etməklə yanaşı, erməni faşizminə də qalib gəldi.
2020-ci il noyabrın 26-da təsis edilən “Kəlbəcərin azad olunmasına görə” medalı bu istiqamətdə döyüşmüş hərbi qulluqçuların igidliyinə verilən ən yüksək dəyərlərdən biridir. Ümumilikdə 9455 nəfərin təltif olunması Kəlbəcər uğrunda mübarizənin nə qədər ağır və şərəfli olduğunu göstərir.
Kəlbəcərin azad edilməsindən sonra rayon ərazisində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Bu işlər təkcə dağıdılmış infrastrukturu bərpa etməklə qalmayıb, həm də regionun iqtisadi potensialını bərpa etməyə yönəlib. Artıq Kəlbəcərin termal suları, mineral ehtiyatları və su resursları (xüsusilə İstisu) ölkə iqtisadiyyatına böyük töhfə verməyə başlayır. Kəlbəcər və Laçın rayonlarını birləşdirən strateji yolların, o cümlədən tunellərin inşası regiona girişi asanlaşdırır. Rayonda aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr tarixinin Kəlbəcər şəhəri günü elan olunması bu rayonun bərpasının dövlət siyasətində mühüm yer tutduğunu təsdiqləyir. Bu amil həm tarixi ədalətin bərpasının təcəssümü, həm də gələcək inkişaf strategiyasının başlanğıcıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiq edilmiş “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən, şəhər ərazisinin 130 hektardan 290 hektara, əhalinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur.
Kəlbəcər Günü sadəcə bir ərazinin azad edilməsi yox, Azərbaycan xalqının yenilməz ruhunun, ədalətə olan inamının və dövlətçilik qürurunun təntənəsidir. Hər bir azərbaycanlı üçün bu gün, şəhidlərimizin qanı bahasına qazanılmış Qələbənin daimi xatırlanması və gələcəyə inamın təsdiqidir.
