YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Effektiv siyasət prioritet hədəfləri reallığa çevirir

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Kəlbəcər Şəhəri Günü: Zəfərin, Qalibiyyətin və Yenidənqurmanın Simvolu.Ulu Öndər Heydər Əliyevin Kəlbəcərlə bağlı tarixi “Kəlbəcər azad olunacaq və sakinləri öz yurdlarına qayıdacaq” fikri bu gün gerçəkləşdi. Onun layiqli davamçısı, Prezident İlham Əliyevin qətiyyətli hərbi və diplomatik siyasəti nəticəsində Kəlbəcər azad olundu. Bu gün Kəlbəcər dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Kəlbəcər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin maddi-mədəni irsi, təbii sərvətləri və strateji coğrafi mövqeyi ilə seçilir. Rayon ərazisində tarix boyu formalaşmış alban mədəniyyətinə aid abidələr, islam memarlıq nümunələri, mineral sular, dağ-meşə ekosistemləri Kəlbəcərin ölkəmizin mədəni və təbii irs xəzinəsində xüsusi yer tutduğunu göstərir. Coğrafi-strateji mövqeyinə görə Kəlbəcər Qarabağ bölgəsi ilə Şərqi Zəngəzur arasında mühüm körpü rolunu oynayan, Azərbaycanın təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edən bir ərazidir. 25 noyabr - Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbənin mühüm simvolu hesab edilir.

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində Kəlbəcər ölkəmizə qaytarılmışdır. Bu fakt Zəfərimizin nə qədər müdrik strateji planlamanın və güclü hərbi-siyasi iradənin bəhrəsi olduğunu bir daha göstərir.

Böyük qayıdışın sürətlə aparıldığı, yenidən qurulan, müasir şəhər konsepsiyası ilə inkişaf edən Kəlbəcər bölgənin sosial-iqtisadi həyatında mühüm rol oynamağa hazırlaşır. İşğal dövründə dağıdılmış infrastrukturun bərpası, yolların çəkilməsi, elektrik və su təminatının qurulması, sərhəd-təhlükəsizlik layihələrinin həyata keçirilməsi bu ərazilərin dirçəldilməsi istiqamətində dövlətin iradəsini nümayiş etdirir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü həm də şəhidlərimizin ruhuna bir ehtiram günüdür. Bu torpaqlar uğrunda canından keçən qəhrəman övladlarımızın fədakarlığı sayəsində bu gün Kəlbəcərdə üçrəngli bayrağımız əbədi dalğalanır.Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın 21 avqust 2025-ci il tarixində azad olunmuş Kəlbəcər rayonuna səfəri bölgənin bərpası, inkişafı və yaşayışın tam bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin növbəti mərhələsini özündə əks etdirir. Bu səfər Kəlbəcərin sürətli dirçəlişinin, “Böyük Qayıdış” proqramının ardıcıllıqla və məqsədyönlü şəkildə həyata keçirilməsinin bariz nümunəsi oldu. Səfər çərçivəsində dövlət başçısı Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda aparılan tikinti və bərpa işləri ilə tanış oldu. Dövrün ən mürəkkəb mühəndis layihələrindən biri olan bu yolun inşası Kəlbəcərin ölkənin digər bölgələri ilə iqtisadi, logistika və turizm əlaqələrini daha da gücləndirəcək. Prezident İlham Əliyev Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoydu. Yeni salınan kompleks müasir urbanizasiya prinsiplərinə uyğun planlaşdırılır və şəhərin çoxmərhələli inkişaf konsepsiyasının tərkib hissəsidir. Ardınca Kəlbəcər şəhər parkının təməlqoyma mərasimi keçirildi. Parkın salınması şəhərin sosial məkanlarının formalaşmasına, abadlıq və ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edəcək. Səfər çərçivəsində “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı da həyata keçirildi. Bu obyekt rayonun zəngin arıçılıq ənənələrinin inkişafına, yerli istehsalın genişlənməsinə və məhsulların brend siması ilə bazara çıxarılmasına mühüm töhfə verəcək. Dövlət başçısı Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlqoyma mərasimində də iştirak etdi. Mənzillərin tikilməsi işğaldan azad olunmuş ərazilərə qayıdışın sürətləndirilməsinə və sakinlərin layiqli yaşayış şəraitinin təmin edilməsinə yönəlib. Səfərin ən önəmli məqamlarından biri Kəlbəcər sakinləri ilə görüş oldu. Prezident İlham Əliyev onlara yeni mənzillərin açarlarını təqdim etdi və Kəlbəcərin tam bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Bu görüş həm geri qayıdan sakinlər, həm də bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından xüsusi rəmzi məna daşıyırdı. Kəlbəcərdə “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı rayonun enerji təminatının dayanıqlığına və “yaşıl enerji” modelinin genişlənməsinə xidmət edir. Su elektrik stansiyalarının istismara verilməsi Kəlbəcərin enerji potensialından səmərəli istifadəyə şərait yaradır və regionun iqtisadi müstəqilliyini gücləndirir.                                      

Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşları cənab Prezident İlham Əliyevin Kəlbəcərin yenidən qurulması, sosial-iqtisadi dirçəldilməsi və strateji inkişafı ilə bağlı müəyyənləşdirdiyi hədəflərin icrası istiqamətində ardıcıl və fədakar fəaliyyət göstərirlər. Azad olunmuş Kəlbəcərin müasir şəhər standartlarına uyğun şəkildə yenidən formalaşdırılması, uzunmüddətli inkişaf platformasının yaradılması və əhalinin dayanıqlı məskunlaşması üçün həyata keçirilən tədbirlər böyük sistemli işin nəticəsidir.

Xüsusi nümayəndəlik Kəlbəcər rayonuna investorların və iş adamlarının cəlb olunması, iqtisadiyyatın dirçəldilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması üçün mühüm təşəbbüslər irəli sürür. Rayonun turizm potensialının inkişaf etdirilməsi, xüsusilə də dağ iqlimi, mineral su yataqları, yaylaq turizmi, ekoturizm və müalicəvi turizm istiqamətlərinin canlandırılması məqsədilə genişmiqyaslı layihələr hazırlanır. Bütün bu fəaliyyətlər yeni iş yerlərinin yaradılmasına, region iqtisadiyyatının güclənməsinə və əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Genişmiqyaslı layihələr Kəlbəcərin gələcək nəsillərə daha sağlam, müasir və abad şəkildə çatdırılması məqsədinin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyinin fəaliyyəti bölgənin inkişaf konsepsiyasının praktiki icrasını təmin etməklə yanaşı, Kəlbəcərin sosial-iqtisadi dirçəldilməsinə, mədəni irsinin yaşadılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən kompleks tədbirlər sistemini əhatə edir. Bu fəaliyyətlər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı quruculuq siyasətinin Kəlbəcərdə uğurla reallaşmasının göstəricisidir.

Bu gün təkcə bir şəhərin deyil, bütöv Azərbaycan xalqının zəfər iradəsini, dövlətimizin gücünü və quruculuq əzmini təcəssüm etdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Kəlbəcərin azadlığı xalqımızın qürur və şərəf salnaməsinə qızıl hərflərlə yazıldı. Uca dağları, saf təbiəti və qədim yurd yaddaşı ilə Kəlbəcər bu gün yenidən dirçəlir, inkişaf edir və Böyük Qayıdışın parlaq rəmzinə çevrilir.