Xəbərlər
Lissabon Zirvəsindən Zəfər zirvəsinə...
Nurlan Qələndərli
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Azərbaycanın tarixi ədaləti bərpa etməsinin əsasında duran mühüm amillərdən biri uğurlu diplomatik strategiyanın həyata keçirilməsidir. Doğrudur, Azərbaycan Ordusu döyüş meydanında işğalçıları darmadağın edərək - əzici məğlubiyyətə uğradaraq torpaqlarımızı azad etdi. Amma xüsusi qeyd etmək lazımdır ki, möhtəşəm Zəfərimiz bütün cəbhələrdə, o cümlədən diplomatiya müstəvisində məqsədyönlü fəaliyyətin nəticəsidir. Praqmatik xarici siyasət kursunun həyata keçirilməsi, müasir beynəlxalq münasibətlər sistemində səmərəli dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırılması, müttəfiqlərin sayının artırılması, beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın tarixi Qələbəsini şərtləndirən amillərdən oldu.
Diplomatik qələbələrin başlanğıcı: bir strateji nailiyyət, dörd mühüm məqam
Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. 29 il öncəyə ekskurs etdikdə bu reallıq bir daha öz təsdiqini tapır. Söhbət 2-3 dekabr 1996-cı il tarixində keçirilən ATƏT-in Lissabon sammiti – Zirvə toplantısında Azərbaycanın mühüm diplomatik nailiyyətindən gedir. Haqlı olaraq Lissabon sammiti diplomatiya müstəvisində qələbələrimizin başlanğıcı kimi dəyərləndirilir. Bu xüsusda dörd mühüm məqamı ayrıca diqqətə çatdırmaq lazımdır.
- Birinci məqam: Ümummilli Lider Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini kəskin pisləmiş, bu ölkənin əzəli Azərbaycan torpağı olan Qarabağı öz əlinə keçirmək məqsədi ilə respublikamıza qarşı təcavüz etdiyini, bunun nəticəsində Azərbaycan ərazisinin iyirmi faizinin işğal olunduğunu qətiyyətlə vurğulamışdı;
- İkinci məqam: Lissabon sammitinin yekun sənədində münaqişənin həllinin əsasını təşkil etməli olan prinsiplər tövsiyə edilmiş, ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət Ermənistan olmuşdu. Yəni Ermənistan konsensus prinsipindən sui-istifadə edərək Zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan birinə - münaqişənin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddəyə veto qoymuşdu. Ulu Öndər Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bəyan etmişdi. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edilmişdi. Bəyanatda deyilirdi: “Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tərkib hissəsi olacaq 3 prinsipi tövsiyə etmişlər. Bu prinsipləri Minsk qrupunun üzvü olan bütün ölkələr müdafiə edirlər”.
Burada münaqişənin həlli məsələsi ilə əlaqədar Azərbaycanın milli mənafelərinə uyğun məsələlər və ölkəmizin ərazi bütövlüyünə qətiyyətli dəstək öz əksini tapmışdı. Ulu Öndər sammitdən sonra bəyanatla çıxış edərək vurğulamışdı ki, sədrin bu bəyanatı Ermənistandan savayı, bütün sammit iştirakçılarının - ATƏT üzvlərinin iradəsinin ifadəsi olmuşdur: “... Biz ondan razıyıq ki, Flavio Kottinin bu bəyanatı, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri adından verilmişdir”.
- Üçüncü məqam: Heydər Əliyev Azərbaycanın siyasi iradəsini, diplomatik gücünü bütün dünyaya, o cümlədən işğalçı Ermənistana göstərmişdi. Hətta o zaman işğalçı ölkənin prezidenti Levon Ter-Petrosyan Lissabon sammitinin nəticələrindən bəhs edərkən bu zirvə görüşünü Azərbaycanın diplomatik nailiyyəti və üstünlüyü kimi xarakterizə etmişdi. O, “diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu”,- deyə vurğulamışdı. Petrosyan bu gün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və yeni reallıqlar yaratması fonunda növbəti gerçəkliyi diqqətə çatdıraraq “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, - deyə bildirir!
Dördüncü məqam: Lissabondan başlayan, Valday, Münxen, Brüssel, Vaşinqtonla davam edən diplomatik qələbələr Azərbaycanın tarixi Zəfərinə dayanıqlı beynəlxalq və siyasi-hüquqi zəmin yaratdı. Bu gün isə hansı geosiyasi məkanda olursa-olsun, qurulan diplomatik masalarda postmüharibə reallıqları və sülh gündəliyi ilə əlaqədar Azərbaycan söz və nüfuz sahibi olaraq çıxış edir, rəsmi Bakının iradəsi və mövqeyi həlledici amil kimi nəzərə alınır.
Turist diplomatiyasının iflası, yaxud üç sual - dörd cavab
Son günlər müzakirə mövzularından biri ATƏT-in Minsk qrupunun iflasa uğraması, daha dəqiq desək, Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması prosesinin başa çatmasıdır.
Bəs uzun müddət “siyasi reanimasiya”da olan Minsk qrupu niyə fiaskoya məhkum oldu? Bu suala cavab tapmaq üçün yeni suallar vermək (və onları cavablandırmaq) lazımdır.
- Birinci sual: ATƏT-in Minsk qrupunun vəzifəsi nə idi?
- Vasitəçilik.
- İkinci sual: Bəs missiyası nədən ibarət idi? Tənzimləmə qrupu kimi münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq.
- Üçüncü sual: Nəticə nə oldu? Azərbaycan öz milli gücüylə, hərbi-siyasi yolla münaqişənin həllinə nail oldu.
Üçüncü sualın ikinci cavabı, yaxud daha geniş izahı da var. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyü və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm bir presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir.
Eyni zamanda, bu, “münaqişənin hərbi həlli yoxdur” deyənlərin, işğalçı ilə işğala məruz qalanı eyniləşdirənlərin siyasətinin iflasa uğradılmasıdır.
Bu xüsusda sadə bir fakta nəzər salaq: Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə, məlum qətnamələri yerinə yetirməməsinə görə bu ölkəyə qarşı sanksiya tətbiq edilməsi imkanı olsa da, belə bir təşəbbüs heç vaxt irəli sürülmədi. ATƏT-in Minsk qrupu isə ya siyasi susqunluq nümayiş etdirdi, ya da formal bəyanatlar verməklə kifayətləndi. Bu, ikili standartlar siyasətinin və selektiv yanaşmanın bariz nümunəsi idi. Çünki dünya təcrübəsində müxtəlif ölkələrə qarşı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal və tam icrasına dair kifayət qədər fakt və nümunə var idi. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar...
Azərbaycan isə uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Amma ölkəmiz bu ədalətsizliyi aradan qaldırmaqla bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi amil olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi. Bu, həm də ATƏT-in “premature” qurumunun perspektivsizliyini bir daha nümayiş etdirmiş oldu.
Cənubi Qafqaz “heartland” nöqtəsi kimi...
Nəticə etibarilə, hərb meydanında qalib gələn Azərbaycanın bu gün diplomatik müstəvidə strateji addımları və nailiyyətləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Bunun nəticəsində Avrasiyanın “heartland” nöqtələrindən birinə çevrilən Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır. Bu, bölgədə bütün dövlətlər üçün faydalı və perspektivlidir.
İki standartlar, selektiv yanaşmalar və qərəzli planların iflasa düçar olduğu hazırkı tarixi dönəmdə regionda sülh, təhlükəsizlik və əməkdaşlığın yolu dürüst siyasətdən, yaxud siyasi səmimiyyətdən keçir. Prezident İlham Əliyevin təbirincə ifadə etsək: “Bizim mövqeyimiz birmənalıdır, açıqdır!”.
