YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Ölkədə dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi  fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlarından, hədəflərindən bəhs ediriksə, bunların təməlində düşünülmüş siyasət, dövlətin, xalqın gələcəyini düşünən Lider amili dayanır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini daimi, dönməz etdi. Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Ulu Öndər Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərində yaşadığı çətinliklərdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı.  Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi. Dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günündən bu inamı ifadə etmişdir ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin  müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələr müəyyənləşdirildi və uğurla həyata keçirildi: “Ölkədə sabitliyin yaradılması  əsas vəzifə kimi qarşıda dayandı. Azərbaycan qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazandı.  Ümummilli Liderin neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyası formalaşdırıldı. Ümummilli Lider ilk gündən belə bir çağırışı etmişdir ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Azərbaycançılıq ideologiyasının inkişafı, təbliği Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə prioritet məsələ olub. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilib”.

Malik Həsənov vurğulayıb ki, ana dilimizin dövlət qayğısı ilə əhatə olunması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər  Heydər Əliyevin milli inkişaf strategiyasının əsas  tərkib hissələri idi: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. Neft gəlirlərinin səmərəli istifadəsini həyata keçirmək üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına reallığa çevrilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını təmin edir. İqtisadi müstəqilliyimiz ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir.  Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara uyğun inkişaf etdirilir. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı, faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Ümummilli Liderin uğurlu və düşünülmüş siyasəti nəticəsində artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı”.

Millət vəkili Heydər Əliyev yolunun uğurlarından geniş bəhs edərək bildirib ki,  Ümummilli Lider  xalqa 1 oktyabr 2003-cü tarixli müraciəti ilə növbəti inamın ünvanını göstərdi və  bugünkü Zəfərlərimizin əsası  oldu: “Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı idi. Sözügedən müraciətində də bu inamı ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları  cənab İlham Əliyev axıra çatdıracaq.

Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı dövr torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapmaqla yeni-yeni çağırışlara, hədəflərə yol açdı. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin, bütün Azərbaycan xalqının arzusunu reallığa çevirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəyə imza atmaqla  tarixi ədaləti bərpa etdi, torpaqlarımız işğaldan azad olundu. Qalibiyyət rəmzi olan  Azərbaycan Bayrağı    Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Tarixi Zəfərimizin, onun ardınca suverenliyimizin tam bərpasının yaratdığı reallıqları bu gün azad edilmiş Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəldilməsində, cənnət məkana çevrilməsində, Böyük Qayıdışın uğurla həyata keçirilməsində  görürük. Bu gün hər bir azərbaycanlı böyük əminliklə və qürur hissi ilə qeyd edir ki, Ümummilli Lider Heydər Əliyev adını tariximizə müstəqilliyimizin, Onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı.  Yeni dövrə qədəm qoyan Azərbaycan Zəfərlərə doğru inamla addımlayır”.

DİGƏR Xəbərlər Arxiv