Xəbərlər
Humanizm prinsiplərinə sadiqlik
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik” tezisinin davamı olaraq, Prezident İlham Əliyev bildirir ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq. İqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, Konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində səmərəli müdafiə mexanizmləri formalaşdırılmışdır.
Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Prezident İlham Əliyev bu günlərdə ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini təsdiqləyən növbəti təşəbbüsü irəli sürdü. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü. Aamnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Azərbaycan demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda inamla irəlilədiyini atdığı hər bir addımında nümayiş etdirir.
