Xəbərlər
Amnistiya təşəbbüsü dövlətin humanist siyasətinin bariz ifadəsidir
Hüseynxan Hacızadə
YAP Gənclər Birliyinin üzvü
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü müstəqillik tariximizdə ən genişmiqyaslı amnistiya aktıdır. Bu amnistiya aktı ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu dövlət siyasətinin humanizm, mərhəmət və ədalət prinsiplərinə əsaslandığının bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi əsasları qoyulan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyin möhkəm təməlini təşkil edir. Bu siyasi xətt Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı tərəfindən irəli sürülən amnistiyanın şamil olunacağı şəxslərin əhatə dairəsi həmin aktın Azərbaycan tarixində ən böyük amnistiya təşəbbüsü olduğunu bir daha təsdiq edir.
Prezident İlham Əliyevin təşəbbüsü sayəsində ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək amnistiya aktı vətəndaş həmrəyliyinə və sosial-siyasi vəziyyətə müsbət təsir göstərməklə yanaşı, ailələrin birləşməsinə, azadlığa çıxan şəxslərin cəmiyyətə inteqrasiyasına və vətəndaşların dövlətimizin humanist cəhdlərinə etimadını daha da gücləndirəcək.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunduğu vaxtdan indiyədək ölkəmizdə 12 amnistiya və 71 əfv təşəbbüsü olub. Bu göstəricilər dərin dövlətçilik ənənələri olan Azərbaycanın güclü dövlət olmasını sübut etməklə yanaşı, eyni zamanda humanist və hüquqa əsaslanan idarəçilik modelinə sadiqliyini bir daha nümayiş etdirir.
Nəticə etibarilə, amnistiya təşəbbüsləri ölkəmizin humanist dövlətçilik ənənəsinin, dövlət gücünün və mərhəmətinin göstəricisidir. Hazırkı amnistiya layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, həmçinin bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər sosial həssas kateqoriyalara xüsusi yer ayrılması dövlətin sosial məsuliyyətinin bariz ifadəsidir. Bu amnistiya təşəbbüsü ərazi bütövlüyümüzlə yanaşı suverenliyimizin də tam bərpasından sonra tarixi hadisə kimi yaddaşlarda qalacaq.
