Xəbərlər
“Şəhərsalma və Memarlıq İli”: genişmiqyaslı quruculuq prosesinin məntiqi davamı və modernləşmə strategiyasının yeni mərhələsi
Vazeh Əskərov
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sürətli və innovativ quruculuq fəaliyyəti post-konflikt dövrlərində bərpa və inkişaf prosesinə dair dünyada formalaşan ən uğurlu təcrübələrdən biri kimi təqdim oluna bilər.
Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkədə gedən genişmiqyaslı quruculuq və inkişaf proseslərinin məntiqi davamı kimi dəyərləndirilir. Xüsusilə azad edilmiş ərazilərdə reallaşdırılan müasir şəhərsalma layihələri, ölkənin böyük şəhərlərində urbanizasiyanın sürətlənməsi, ekoloji və rəqəmsal memarlıq tendensiyalarının artması bu sahəni prioritet istiqamətə çevirir.
Eyni zamanda qeyd etməliyik ki, Azərbaycanın dövlət idarəçiliyində hər il üçün müəyyən bir sahənin prioritet elan edilməsi artıq uzun illər davam edən sistemli və məqsədyönlü bir ənənəyə çevrilib. Bu siyasi yanaşma həm icra orqanlarının strateji məqsədlərini dəqiqləşdirir, həm də cəmiyyətin diqqətini müəyyən sahələrdə mövcud olan potensial imkanların daha dərindən dərk edilməsinə yönəldir. Prezident İlham Əliyevin ötən dövrdə bu istiqamətdə imzaladığı bütün sərəncamlar ölkənin sosial-iqtisadi, mədəni və institusional inkişaf xəritəsinin mühüm komponentinə çevrilib.
Azərbaycan Respublikasında Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif sahələrə, yubileylərə və milli prioritetlərə həsr olunan sənədlərin xronologiyası ölkədə bütün istiqamətlərə diqqət ayrıldığını və dövlət siyasətinin əsas prioritetləri nümayiş etdirir. Bu amillər dəyişən regional və qlobal reallıqlar nəzərə alınmaqla dövlətin hər il üçün yeni prioritetlərin müəyyənləşdirilməsini institusional xarakter daşıyan bir prosesə çevirdiyini göstərir. Sözügedən praktikanın məqsədi yalnız müəyyən sahəyə simvolik diqqət yönəltmək deyil, həmin istiqamətdə real transformasiya, sistemli inkişaf və genişmiqyaslı islahatların həyata keçirilməsinə stimul verməkdir. Proqramların icrası üçün ayrılan maliyyə resursları, insan kapitalı, institusional mexanizmlər və yeni layihələr isə bu illərin praktik tətbiq mərhələsinə çevrilməsinə xidmət edir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu sahədə gözlənilən yeniliklər “ağıllı şəhər” texnologiyalarının geniş tətbiqini, rəqəmsal idarəetmə sistemlərinin qurulmasını, nəqliyyat, kommunikasiya və xidmət infrastrukturunun smart həllərlə inteqrasiyasını, süni intellekt əsaslı şəhər monitorinqini, ekoloji və dayanıqlı şəhərsalma standartlarının tətbiqini, “yaşıl şəhər” konsepsiyasının genişləndirilməsini, karbon emissiyasının azaldılması və enerjiyə qənaət mexanizmlərini nəzərdə tutur. Bu istiqamətdə atılacaq addımlar yeni tikililərdə müasir ekoloji memarlıq ənənələrinin formalaşmasına və inkişaf etdirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni şəhər planlaşdırılması modelinin əsas elementləri kimi formalaşan “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları şəbəkə əsaslı urbanizasiya yanaşması, eləcə də bölgənin coğrafi və tarixi xüsusiyyətlərinə uyğun memarlıq həlləri bu ərazilərdə memarlıq irsinin qorunması ilə müasir şəhərsalma prinsiplərinin sintezini təmin etmiş olacaqdır. Bu istiqamətdə ölkənin tarixi məkanlarının bərpasında müasir texnologiyaların tətbiqi, memarlıq məktəbinin inkişaf etdirilməsi, mədəni irsin müasir şəhər kimliyinə inteqrasiyası və insan mərkəzli ictimai məkanların (gəzinti zonaları, yaşıl parklar, açıq ictimai məkanlar) genişləndirilməsi yeni Azərbaycan şəhərsalma modelinin formalaşdırılmasına xidmət edəcəkdir.
Yaxın gələcəkdə Azərbaycanın şəhərsalma və memarlıq siyasəti yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də nümunəvi model kimi dəyərləndirilir. Xüsusilə Qarabağda həyata keçirilən sürətli və innovativ quruculuq fəaliyyəti post-konflikt dövrlərində bərpa və inkişaf prosesinə dair dünyada formalaşan ən uğurlu təcrübələrdən biri kimi təqdim oluna bilər. Bu modelin xaricə təqdimatında əsas üstünlüklər kimi post-konflikt quruculuğunda innovativ və yüksək dinamizmlə idarə olunan yanaşma, qısa müddətdə infrastrukturun, yol-nəqliyyat şəbəkəsinin, təhsil müəssisələrinin və yaşayış məntəqələrinin inşası, yaşıl enerji və ekoloji memarlıq prinsiplərinin regional səviyyədə tətbiqi, Qarabağın “yaşıl enerji zonası” elan edilməsi fonunda yeni memarlıq standartlarının formalaşdırılması, eləcə də milli irsin müasir urbanizasiya ilə balanslaşdırılmış şəkildə qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu amillər tarixi-mədəni irsin müasir memarlıqda görünən formada yaşadılmasını təmin edən yeni yanaşmanın əsasını təşkil edir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın modernləşmə strategiyasının mühüm mərhələlərindən birinə çevrilir. Bu qərar yalnız şəhərlərin vizual simasının yenilənməsinə deyil, həm də ölkənin institusional inkişafına, ekoloji siyasətinin təkmilləşdirilməsinə, iqtisadi planlaşdırma proseslərinə və beynəlxalq səviyyədə tanınan urbanistika modelinin formalaşmasına əhəmiyyətli təsir göstərir.
