Xəbərlər
Azərbaycan idman ölkəsi kimi tanınır
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
“Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir.” Dövlət başçısı İlham Əliyev ötən ilin 26 dekabr tarixində 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyindən geniş bəhs etdi.
Ümumiyyətlə, Azərbaycan idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın inkişafına xidmət edən addımlar, müasir çağırışlara cavab verən idman obyektlərinin yaradılması və sair kimi amillər beynəlxalq yarışlara ev sahibliyini şərtləndirir. Bu yarışlardan bəhs edərkən 2015-ci ildə ölkəmizdə keçirilmiş birinci Avropa Oyunlarını xüsusi qeyd etmək istərdik. İdman tədbirinin yüksək səviyyədə təşkili bir daha sübut etdi ki, Azərbaycan digər nüfuzlu idman ölkələrindən geri qalmır və ölkəmiz ən böyük idman tədbirlərinə yüksək standartlara uyğun ev sahibliyi etmək iqtidarındadır. Oyunlarda 50 ölkədən 5 mindən çox idmançı iştirak etmişdi və Azərbaycan çox uğurlu nəticə əldə edərək komanda hesabında ikinci olmuşdur. Həmçinin, 2017-ci ildə paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları da belə idman yarışlarındandır. Burada 54 ölkə 3 mindən çox idmançı ilə təmsil olunmuşdur. Bu yarışlarda isə Azərbaycan komanda hesabına birinci yeri tutmuşdur.
Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarını xeyli sayda sadalamaq olar. Formula 1 Azərbaycanda keçirilən ən kütləvi idman tədbirlərindən biridir. Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da Formula 1 tədbirinə xüsusi diqqət yönəldərək bildirdi ki, ənənəvi olaraq Formula 1 yarışı təbii ki, 2025-ci ildə də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır: “Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir”.
Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. 2025-ci ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirildi. 2025-ci ildə, həmçinin ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə keçirilir. Bakının da bu siyahıya salınması ilk növbədə, ölkəmizin potensialını göstərir.
2026-cı ildə keçiriləcək yarışlara gəldikdə isə, ilk olaraq Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdik. Cənab İlham Əliyev bildirdi ki, bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il yeni traslar, yeni xizək zolaqları istifadəyə verilir. Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir. Orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib.
Qeyd etdiklərimiz fonunda Azərbaycan idmanının yeni inkişaf mərhələsində olduğunu aydın şəkildə görürük. Dövlətimiz idmanın bütün növlərinin inkişafına xüsusi diqqət göstərir. Prezident İlham Əliyev sözügedən çıxışında bu çağırışı etdi ki, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq.
