Xəbərlər
Azərbaycanın uğurlu missiyası: regional liderlikdən qlobal tərəfdaşlığa
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Hər il olduğu kimi, bu il də Azərbaycan beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumda (World Economic Forum) yüksək səviyyədə təmsil olundu. Mötəbər tədbirdə Prezident İlham Əliyevin dünyanın ən tanınmış siyasətçiləri, böyük transmilli şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşləri ölkəmiz ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsini yazdı. Bu görüşlər eyni zamanda ölkəmizin beynəlxalq sistemdə artan rolunun, regional və qlobal proseslərə təsir imkanlarının nümayişi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun çərçivəsində “Euronews” televiziyasına verdiyi geniş müsahibə isə beynəlxalq münasibətlərdən tutmuş regional təhlükəsizlik, enerji siyasəti və Avropa ilə münasibətlərə qədər bir sıra əsas məsələlərə, bir daha Azərbaycanın keçdiyi inkişaf yoluna, dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olduğu uğurlara yeni baxış oldu. Dünyanın nüfuzlu televiziya kanalı vasitəsi ilə Azərbaycan reallıqları bir daha beynəlxalq ictimaiyyətə təqdimatı oldu.
Prezident cənab İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə dövlətimizin başçısına ünvanlanan suallar regional təhlükəsizlik, enerji siyasəti, Cənubi Qafqazda sülh perspektivləri bir daha onu göstərdi ki, sülhsevər və suveren Azərbaycan hər zaman ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə maraqlıdır. Prezident cənab İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük.
Bizim üçün regionda sabitlik və təhlükəsizlik ən böyük sərvətdir deyən dövlət başçımız qeyd edib ki, biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda enerji resurslarının əsas ixracatçısı olduğunu və digər qonşu ölkələrin enerji istehlakında Azərbaycanın rolunun artdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq təbii qazını 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə çatdırır: “Bizim enerji şəbəkəmiz və müasir boru kəmərlərimiz Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə kömək edir.”
Azərbaycan bu gün qlobal enerji bazarının mühüm faktorlarından biridir. Artıq qlobal platforma hesab olunan Forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir edir. Davos İqtisadi Forumunda Azərbaycan xalqının Liderinin yüksək səviyyədə iştirakı bir daha göstərdi ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəkləyir. Eyni zamanda, bu səfər Azərbaycanın enerji bazarında artan iştirakını və strateji əhəmiyyətini nümayiş etdirdi.
Qürurverici haldır ki, dünyada baş verən qlobal proseslər barədə izləyicilərinə dəqiq və düzgün analitik məlumatlar çatdıran “Euronews” televiziyası müxtəlif qitələrdən gələn dövlət başçıları arasında Prezident İlham Əliyevdən müsahibə aldı, qalib ölkəmizin qalib Liderimizin sülh, əməkdaşlıq, qarşılıqlı hörmətlə bağlı mesajlarını bir daha beynəlxalq ictimaiyyətə çatdırdı.
