YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında “Qış məktəbi”nin açılış mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında gənclər və könüllülər üçün təşkil olunan “Qış məktəbi”nin açılış mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək “Qış məktəbi”nin əhəmiyyətindən bəhs edib, gənclərin asudə vaxtının səmərəli təşkili və onların bacarıqlarının inkişafı istiqamətində həyata keçirilən layihələrin Prezident İlham Əliyevin cəmiyyətimizin sözügedən aktiv təbəqəsinə olan qayğısından irəli gəldiyini bildiriblər.

Qeyd olunub ki, YAP siyasi partiya olmaqla yanaşı, eyni zamanda, gənclər üçün bir inkişaf məktəbidir. Çünki partiyanın təşkil etdiyi layihələrin əsas fəlsəfəsini gənclərin milli ruhda yetişdirilməsi təşkil edir. “Qış məktəbi” kimi layihələr də gənclərin inkişaf, dialoq və inteqrasiya platforması, eyni zamanda cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərin kreativ və intellektual bacarıqlarının aşkara çıxarılması, reallaşdırılması və özünüsübut məkanıdır. Bu cür layihələr gənclər arasında ünsiyyətin yaranmasına, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı fikir mübadiləsinə şərait yaradır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbirdən sonra “Qış məktəbi”nin iştirakçıları Zəfər abidəsini və parkını, “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” Memorial Kompleksini və Nizami rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

“Qış məktəbi”nin ilk gününün sonunda “Debat bacarıqları” mövzusunda təlim təşkil olunub.

Qeyd edək ki, “Qış məktəbi” yanvar ayının 30-dək davam edəcək.