YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin sülh quruculuğu missiyası dünya üçün nümunəvi modeldir

Dövlət başçısı İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Mükafatın Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilməsi Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur.

Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə verilir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi dövlətimizin qlobal miqyasda sülh quruculuğu prosesindəki artan roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Prezident İlham Əliyev mərasimdəki çıxışında “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir” söyləyərək onu da əlavə etdi ki, əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına  minnətdarlığını bildirən dövlətimizin başçısı vurğuladı ki, bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında bir daha dünya ictimaiyyətinə çağırışı etdi. Bildirib ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirildi.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın təqdimatı olan hər bir mühüm addım dünənimizə və bugünümüzə baxış keçirməyi bir zərurət kimi qarşıya qoyur. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra bu kimi mühüm addımlar, qərarlar davamlılığı ilə diqqətdədir. Otuz il işğal altında qalan torpaqlarını 44 gündə işğalçılardan təmizləməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməsi Azərbaycanın malik olduğu imkanların, ən əsası ədalətə və beynəlxalq hüquqa söykənən məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib və bunu sözdə deyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları bir araya gətirən Azərbaycan, eyni zamanda, beynəlxalq arenada qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır.

Milli Məclisin deputatı bildirib ki, tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Lakin Ermənistan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayındı, prosesin uzanması üçün cəhdlər göstərdi. Məlumdur ki, 2023-cü il  sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu, bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət döyüş meydanında qazanılan qələbənin uzaqgörən diplomatik səylərlə  möhkəmləndirilməsinin vacibliyini bir daha sübut etdi. Dövlətimiz tarixi qələbə qazanmaq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yanaşı, həm də regionda yeni geosiyasi reallıq yaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Azərbaycan son beş ildə tarixi Zəfərimizin reallıqlarının beynəlxalq səviyyədə təqdimatı və qəbul etdirilməsi istiqamətində səylər göstərdi və buna nail oldu. Ötən ilin 8 avqust tarixində dövlət başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri bütün məqamlara işıq saldı. Prezident İlham Əliyevin Vaşinqtona səfəri yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycanın mövqeyinin güclənməsi və diplomatik sahədə əldə etdiyi növbəti uğur kimi dəyərləndirildi. Bu səfər Azərbaycanın regional və qlobal siyasətdə prinsipial, müstəqil mövqeyini təsdiqləməklə yanaşı, illərdir ölkəmizə qarşı yönəlmiş siyasi təzyiqlərə, informasiya manipulyasiyalarına verilmiş qəti və mükəmməl diplomatik cavab oldu. Vaşinqtonda əldə edilən diplomatik qələbə göstərdi ki, Azərbaycanın hərbi sahədəki qətiyyəti artıq beynəlxalq hüquqi sənədlərdə öz əksini tapan reallığa çevrilib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti qarşıya qoyduğu hədəflərə ardıcıllıqla nail olmasını şərtləndirir. Bölgədə dayanıqlı sülhün təmin edilməsi dünyanın müxtəlif dövlətləri ilə iqtisadi əlaqələrin qurulmasına, yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar açacaq. Regionumuzda artıq geriyə dönməz xarakter alan sülh gündəliyinin müəllifi Prezident İlham Əliyevdir. Bu gün dövlətlər arasında münasibətlərin inkişafında qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi əsas çağırışlardandır. Tarixi Zəfərimizdən sonrakı dövrün reallığı budur ki, sülh quruculuğu, regional əməkdaşlıq və kommunikasiya xətlərinin açılması ölkəmizin xarici siyasətinin əsas prioritetlərdən birinə çevrilib. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanları, enerji resursları dünyanın müxtəlif dövlətləri ilə yeni əməkdaşlıq əlaqələri qurulmasını şərtləndirir. Zəngəzur dəhlizinin açılması Azərbaycana iqtisadi və siyasi dividend qazandıracaq. Azərbaycan yalnız sülh gündəliyini təqdim etmir, buna nail olmaq üçün sistemli, qətiyyətli və konkret addımlar atır.

Bu fikirlər “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətlərində də öz əksini tapdı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  davamlı sülhün bərqərar olması yolunda  dövlətimizin başçısı İlham Əliyevin  atdığı cəsur addımları, Ermənistanın baş naziri Nikol  Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyini xüsusi vurğulayaraq bu inamı ifadə etdi ki, məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfin də razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni bir səhifə açılacaq. Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik. Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik.

Videomüraciətlərdə sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsi kimi dəyərləndirildi. O da qeyd edildi ki, bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Prezident İlham Əliyevə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın verilməsi münasibətilə ən səmimi təbriklərini çatdırmaqdan  məmnunluğunu ifadə edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir. Azərbaycanın sülh siyasətinə dəstəyi ifadə edən bu fikirlər digər ölkələrin liderlərinin də təbrik videomüraciətlərində xüsusi vurğulandı.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır. Azərbaycan daim böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında münasibətlər qurur. Azərbaycan regional inkişafın aparıcı qüvvəsidir. Prezident İlham Əliyevin yürütdüyü siyasət bütün region dövlətlərinin inkişaf perspektivlərini özündə ehtiva edir. Bu isə regional sülh və əməkdaşlıq perspektivlərinin reallığa çevrilməsi üçün ən təkmil modeldir. Dövlət başçısı İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərinin təqdimatında mühüm rol oynayır.  Prezident İlham Əliyevin layiq görüldüyü bu mükafat Azərbaycanın sülh quruculuğu prosesinin dünya üçün nümunəvi model olduğunun təsdiqidir.

DİGƏR Xəbərlər Arxiv