Xəbərlər
“Heydər Əliyev Məktəbi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən “Heydər Əliyev Məktəbi” layihəsi çərçivəsində SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.
“Heydər Əliyev Məktəbi”nin iştirakçıları müvafiq məlumatlandırma sessiyasından sonra istehsal qurğuları, eləcə də proseslərin idarə olunduğu ərazi ilə tanış olublar.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və SOCAR “Downstream Management” MMC-nin Baş direktoru Emil Alxaslı “Avrasiya enerji xəritəsində Azərbaycan faktoru: ənənəvi və bərpa olunan enerjinin perspektivi”, SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov isə “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mövzusunda çıxış ediblər.
Bildirilib ki, “Heydər Əliyev Məktəbi”nin növbəti tədbirinin Ulu Öndər Heydər Əliyevin adını daşıyan zavodda keçirilməsinin rəmzi mənası var. Natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası, bərpa olunan enerji infrastrukturu, investisiya mühiti, habelə ölkəmizin qazandığı nailiyyətlər barədə ətraflı danışıblar.
Tədbir interaktiv formada davam edib.
Sonda yubiley yaşında olan partiya veteranları təltif edilib.
