Xəbərlər
Daşkəsəndə gənclərlə görüş keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı, Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi, Daşkəsən rayonu üzrə Təhsil Sektoru, Daşkəsən rayon Mədəniyyət Mərkəzi və rayon üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib.
Görüşün əsas məqsədi gənclər arasında şəhərsalma və memarlıq sahəsinə marağın artırılması, müasir urbanizasiya prosesləri, dayanıqlı inkişaf prinsipləri və milli memarlıq irsinin qorunması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Qeyd olunub ki, müasir şəhərsalma yalnız infrastrukturun yenilənməsi deyil, eyni zamanda ekoloji tarazlığın qorunması, estetik mühitin formalaşdırılması və vətəndaşların rahat yaşayış şəraitinin təmin edilməsidir.
İnteraktiv formatda keçən görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb.
