Xəbərlər
Azərbaycanın enerji strategiyasının yeni mərhələsi
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
Mart ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası Azərbaycanın enerji diplomatiyasında növbəti mühüm mərhələ kimi qiymətləndirilir. Tədbirdə çıxış edən İlham Əliyev ölkənin qaz ixracı imkanları, yeni bazarlara çıxışı, infrastrukturun genişləndirilməsi və yaşıl enerji gündəliyi barədə əhatəli mesajlar verdi.
Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artması oldu. Bir neçə il əvvəl 12 ölkəyə qaz tədarük edən Azərbaycan artıq bu göstəricini əhəmiyyətli dərəcədə yüksəldib və Avrasiyanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilib.
Azərbaycanın enerji strategiyasının mərkəzində dayanan Cənub Qaz Dəhlizi təkcə iqtisadi layihə deyil, həm də geosiyasi əhəmiyyət daşıyan transmilli infrastruktur sistemidir. Bu dəhliz Xəzər hövzəsində hasil olunan qazın Avropa bazarlarına birbaşa və təhlükəsiz şəkildə çatdırılmasını təmin edir.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, layihənin uğuru bir neçə amilə əsaslanır: siyasi iradə, beynəlxalq əməkdaşlıq, maliyyə institutlarının dəstəyi və uzunmüddətli müqavilələr.
Dövlət başçısının “Biz 12 ölkəyə qaz tədarük edirik” ifadəsi əslində Azərbaycanın qaz ixrac coğrafiyasının sürətli genişlənməsinin göstəricisidir. Bu gün Azərbaycan qazı Avropada bir sıra ölkələrin enerji balansında mühüm yer tutur.Xüsusilə Almaniya,Avstriyakimi iri enerji bazarlarına çıxış Azərbaycanın Avropa enerji məkanında mövqeyini gücləndirib. Hazırda Avropa İttifaqına üzv olan bir çox dövlət Azərbaycan qazından istifadə edir və bu, enerji təchizatının diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, öz ixrac bazarını da şaxələndirir. Bu isə iqtisadi sabitlik və büdcə gəlirlərinin davamlılığı baxımından vacibdir.
Prezident çıxışında gələcək hasilat artımının mənbələrini də açıqladı. Mövcud yataqlarla yanaşı, yeni layihələr üzərində də fəal iş aparılır. Bu yataqların mərhələli şəkildə istismara verilməsi yaxın illərdə əlavə milyardlarla kubmetr qazın ixracını mümkün edəcək. Bu isə həm mövcud müqavilələrin genişləndirilməsinə, həm də yeni bazarların açılmasına şərait yaradır.
Çıxışda diqqət çəkən məqamlardan biri də Azərbaycanın yeni regional istiqamətlər üzrə əməkdaşlığı oldu. Qeyd edildi ki, Azərbaycan qazının Suriya bazarına çatdırılması istiqamətində addımlar atılıb. Bu, Azərbaycanın enerji diplomatiyasının yalnız Avropa ilə məhdudlaşmadığını, daha geniş coğrafiyanı əhatə etdiyini göstərir. Beləliklə, Azərbaycan həm Avropa, həm də Yaxın Şərq arasında enerji körpüsü rolunu möhkəmləndirir.
Artan tələbat fonunda mövcud kəmərlərin ötürücülük qabiliyyətinin artırılması məsələsi gündəmdədir. Prezident vurğuladı ki, infrastruktur demək olar maksimum gücə yaxın işləyir və əlavə sərmayələrə ehtiyac var.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər vacib istiqamət yaşıl enerji oldu. Azərbaycan qaz ixracını artırmaqla yanaşı, bərpa olunan enerji layihələrinə də geniş sərmayə yatırır.
Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasındakı çıxışı Azərbaycanın enerji siyasətinin uzunmüddətli və strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. “Biz 12 ölkəyə qaz tədarük edirik” fikri təkcə statistik göstərici deyil, Azərbaycanın qlobal enerji sistemində möhkəmlənən rolunun ifadəsidir.
Qaz ixracının genişlənməsi, yeni yataqların istismarı, infrastrukturun gücləndirilməsi və yaşıl enerji keçidi – bütün bunlar Azərbaycanın enerji siyasətini XXI əsrin çağırışlarına uyğun şəkildə formalaşdırdığını göstərir.
