YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı əlaqələrin inkişafı istiqamətində vacib addımlar atılıb

“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ötən illər ərzində qarşılıqlı əlaqələrin inkişafı istiqamətində vacib addımlar atılıb. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri də məhz bu kontekstdə dəyərləndirilməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivləri nöqteyi-nəzərindən önəmli dividentlər vəd edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının bir sıra  üzvləri ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

Millət vəkilinin sözlərinə görə, bütün bunlar ölkəmizin yeni şəraitdə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərində önəmli məqamlardır. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, Aİ Şurası Prezidentinin Azərbaycana səfəri indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Dövlətimizin başçısı tərəfdaşlığımızın mühüm hissəsinin hər zaman enerji əməkdaşlığı olduğunu söyləyərək vurğulayıb: “Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır”. Bununla yanaşı, enerji sahəsində əməkdaşlığın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır. Ölkəmizdə bərpa  olunan enerjinin böyük potensialı var. “Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq”,-deyə cənab Prezident vurğulayıb.

Azərbaycan Prezidenti mətbuata bəyanatında Cənubi Qafqazda vəziyyət, sülh prosesi haqqında da danışaraq “əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz”,-deyə bəyan edib.

A.Koşta isə çıxışında Azərbaycanın Avropa İttifaqının əsas tərəfdaşı olduğunu vurğulayıb. “Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir”,-deyən A.Koşta Prezident İlham Əliyevə xitabən “Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür” deyə bəyan edib. Aİ Şurası Prezidentinin bu bəyanatı dövlətimizin və Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.

Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyev və A.Koşşta Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Eləcə də, Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. Onlar “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar. “Beləliklə, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Bu amil ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artacaq”-deyə deputat vurğulayıb.