YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan münasibətləri: ortaq maraqların vəhdəti

Anar Alışov

YAP Yardımlı rayon təşkilatının sədri

Azərbaycan və Gürcüstan arasında münasibətlər tarixi köklərə və strateji əməkdaşlığa əsaslanır. Hər iki ölkə 1918-ci ildə müstəqilliyini elan edib. Həmin dövrdə iki ölkə qısa müstəqillik tarixində ikitərəfli əlaqələr qurmuşdur. Sonradan müstəqilliklərini itirən bu qonşu dövlətlərin hər ikisi Sovet imperiyasının işğalı altında olmasına baxmayaraq aralarında mehriban qonşuluq əlaqələri mövcud olmuşdur. 90-cı illərin əvvəllərində yenidən müsəqilliyini elan edən hər iki dövlətin rəsmi diplomatik əlaqələri yüksək səviyyədə qurulmuş və davam etməkdədir.

Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci il tarixdən qurulmuşdur. Həmin dövrdən başlayaraq iki ölkə arasında 100-dən çox ikitərəfli müqavilə imzalanmış və ikitərəfli ticarət əlaqələrinin həcmi 2024-cü ilin ilk 11 ayı ərzində 730 milyon dollar olmuşdur.

Azərbaycanda Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Gürcüstan Parlamentinin isə Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq  qrupu mövcuddur. Hər iki dövlətin Prezidentlər səviyyəsində də dostluq əlaqələri mövcuddur və müntəzəm işgüzar görüşlər keçirilir. İkitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Prezident İlham Əliyev aprelin 6-da Gürcüstana rəsmi səfəri zamanı iki ölkənin tərəfdaşlığını yüksək səviyyədə qiymətləndirib, iqtisadi əməkdaşlığı, enerji və nəqliyyat layihələrini vurğulayıb. O, bölgənin sabitlik və tranzit əhəmiyyətini qeyd edərək yeni təhlükəsizlik razılaşmaları imzalamışdır.

Gürcüstan son illərdə göstərdiyi dinamik iqtisadi artım tempi ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında açıq şəkildə önə çıxır. Bu tərəqqi ölkədə aparılan daxili islahatların və regional strateji tərəfdaşlığın, xüsusilə də Azərbaycanla möhkəm qurulan əlaqələrin nəticəsidir. Hazırda Gürcüstan iqtisadiyyatı qlobal qeyri-müəyyənliklərə baxmayaraq, 2026-cı ildə ÜDM-in 6% artım proqnozu ilə regionun ən cazibədar bazarlarından biri kimi mövqeyini qoruyur.

Bu inkişafın əsas mərkəzində Gürcüstanın qlobal enerji və nəqliyyat dəhlizlərinin mərkəzi nöqtəsinə çevrilməsi dayanır. Prezident İlham Əliyevin səfəri zamanı müzakirə olunan yaşıl enerji dəhlizi və Qara dəniz sualtı kabel layihəsi Gürcüstanı Azərbaycanın bərpaolunan enerjisinin Avropaya ötürülməsində əsas həlqəyə çevirir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu və liman infrastrukturlarının genişləndirilməsi, Orta Dəhliz çərçivəsində ölkənin tranzit potensialını rekord səviyyəyə qaldırır. Azərbaycanın ən iri investor və vergi ödəyicisi kimi Gürcüstanda apardığı layihələr bu ölkənin iqtisadi sabitliyinin və inkişafının zəmanətidir.

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidzenin bəyanatlarından da göründüyü kimi, iki ölkə arasındakı iqtisadi ittifaq artıq ikitərəfli əməkdaşlıqdan daha geniş, Avrasiya miqyaslı geostrateji bir güc mərkəzinə çevrilib. Gürcüstanın bu iqtisadi sıçrayışı Bakı tərəfindən dəstəklənən praqmatik xarici siyasətin və birgə aparılan nəhəng infrastruktur layihələrinin real nəticəsidir. 2026-cı il hər iki dövlət üçün yeni iqtisadi hədəflərə çatmaq və regionun rifahı üçün daha sıx inteqrasiya ili kimi xarakterizə olunur. Prezident İlham Əliyevin Gürcüstana bu səfəri, iki ölkə arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənəcəyini bir daha təsdiqlədi.