YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə Əliyeva: zəngin elmi irs və nümunəvi həyat yolu

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

Yüksək insani keyfiyyətləri, bilik və bacarığı ilə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirən Zərifə xanım Əliyevanın xatirəsi Azərbaycan xalqının qəlbinə əbədi məskən salmışdır. Ölkəmizdə tibb elminin, xüsusilə oftalmologiyanın inkişafında xidmətləri olan, neçə-neçə insanların öz sağlamlığına qovuşmasında xüsusi fədakarlıq göstərən akademik Zərifə Əliyeva peşəkarlığı, dərin elmi biliyi və insanlara olan böyük qayğısı ilə seçilərək Azərbaycan səhiyyəsinin inkişafına əvəzsiz töhfələr vermiş, görmə qabiliyyətinin qorunması və bərpası sahəsində apardığı mühüm tədqiqatlar və tətbiq etdiyi müasir müalicə üsulları ilə minlərlə insana ümid və şəfa bəxş etmişdir.

Zərifə xanım Əliyevanın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmırdı. O, eyni zamanda yüksək humanizm nümunəsi göstərərək hər bir xəstəyə xüsusi qayğı və diqqətlə yanaşır, həkimlik peşəsini sadəcə bir iş kimi deyil, müqəddəs bir missiya kimi qəbul edirdi. Bu isə onun insanlara olan dərin sevgisinin və məsuliyyət hissinin bariz göstəricisi idi. Görkəmli alim uzun illər ərzində respublikanın iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat fəaliyyətləri ilə məşğul olmuş, bu istiqamətdə mühüm elmi nailiyyətlər əldə etmişdir. Onun araşdırmalarının nəticələri dəyərli monoqrafiyalarında öz əksini tapmışdır. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı səmərəli elmi-tədqiqat işlərinə və oftalmologiya elminin inkişafına verdiyi böyük töhfələrə görə Zərifə xanım Əliyeva keçmiş ittifaqın bu sahədə ən nüfuzlu mükafatlarından biri sayılan M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim və həkim kimi çoxşaxəli fəaliyyəti ilə seçilirdi. Onun fəaliyyət istiqamətləri arasında gənc mütəxəssislərin yetişdirilməsi xüsusi yer tuturdu. O, tələbələrin yalnız nəzəri biliklərə yiyələnməsinə deyil, eyni zamanda praktiki bacarıqlar qazanmasına da böyük önəm vermiş, uzun illər pedaqoji fəaliyyət göstərərək çoxsaylı tələbələrə dərs demiş, onların peşəkar həkim kimi formalaşmasına töhfə vermişdir. Alimin elmi fəaliyyəti də geniş və əhatəli olmuşdur. Onun işləyib hazırladığı müalicə metodları qısa müddətdə bütün respublika üzrə tətbiq olunmağa başlamış və həkimlər tərəfindən etibarlı üsullar kimi qəbul edilmişdir. Xüsusilə göz xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində tətbiq etdiyi yeniliklər bir çox xəstənin sağlamlığının bərpasında mühüm rol oynamışdır. Zərifə xanım Əliyevanın tədqiqatlarının əsas istiqamətləri peşə xəstəlikləri, görmə orqanının zədələnməsi və onların profilaktikası ilə bağlı olmuşdur. O, xüsusilə kimya sənayesində çalışan işçilərdə yaranan göz xəstəliklərini dərindən araşdırmış və bu sahədə mühüm elmi nəticələr əldə etmişdir. Bu tədqiqatlar həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət kəsb etmiş, onun yazdığı elmi əsərlər Azərbaycanda oftalmologiya elminin inkişafına ciddi təkan vermişdir. Bu əsərlər yalnız ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də maraqla qarşılanmış, həkimlər və tədqiqatçılar üçün dəyərli mənbəyə çevrilmişdir.

Zərifə xanım yalnız görkəmli alim və həkim kimi deyil, həm də xalqına böyük lider bəxş edən fədakar ana kimi yaddaşlara həkk olmuşdur. Azərbaycan xalqına Prezident İlham Əliyev kimi güclü siyasi xadim, uzaqgörən rəhbər yetişdirən Zərifə xanımın həyat yolu əsl vətənpərvərlik, zəhmət və mənəvi kamillik nümunəsidir. Zərifə xanım övladlarına yalnız ana qayğısı ilə deyil, həm də müdrik bir tərbiyəçi kimi yanaşmış, onlara milli-mənəvi dəyərləri, vətən sevgisini aşılamışdır. Öz sadəliyi, təvazökarlığı və yüksək mədəniyyəti ilə ətrafındakı hər kəsin hörmətini qazanan, daim insanlara faydalı olmağa çalışan, həm peşə fəaliyyətində, həm də ailə həyatında ideal bir obraz yaradan Zərifə xanım Əliyevanın əziz xatirəsi ölkəmizdə böyük ehtiramla anılır.