Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti”
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda Milli Məclisin deputatı Nigar Məmmədova ilə gənclərin görüşü keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, 1996-cı il 2 fevral tarixində keçirilmiş Azərbaycan gənclərinin birinci forumu ölkədə gənclər siyasətinin formalaşmasında mühüm mərhələ olmuşdur. 1997-ci il 2 fevral tarixli Fərmanla 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, eləcə də gənclər siyasətinin hüquqi bazasının yaradılması bu istiqamətdə atılmış mühüm addımlardandır.
Qeyd olunub ki, bu gün Azərbaycanda gənclər siyasəti yeni keyfiyyət mərhələsinə yüksəlib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Ulu Öndərin ideyalarının uğurla davam etdirildiyini göstərir.
Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror tədbirlərində gənclərin göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb, onların Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynadığı qeyd edilib.
Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi töhfə verdiyini bildirib. O qeyd edib ki, “Gənclər siyasəti haqqında” Qanunun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi bu sahədə sistemli inkişafı təmin edib.
O əlavə edib ki, Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi, gənclər üçün yaradılan təhsil, sosial və beynəlxalq imkanlar ölkədə intellektual və rəqabətqabiliyyətli gənc nəslin formalaşmasına xidmət edir. Könüllülük hərəkatının genişlənməsi və xaricdə təhsil proqramları gənclərin inkişafında mühüm rol oynayır. Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə ölkənin gələcək inkişafında aparıcı qüvvəyə çevrilmişdir.
Tədbir interaktiv formatda davam etdirilərək gənclərin sualları cavablandırılıb. YAP Yasamal rayon təşkilatında könüllülük proqramını uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
