Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Yevlax şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 85 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri ilə seçilən, ölkənin müstəqilliyini qoruyub saxlayan və onu inkişaf yoluna çıxaran böyük dövlət xadimidir. Qeyd olunub ki, bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasətin nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Vurğulanıb ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər və həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub ki, bu da Heydər Əliyev ideyalarının təntənəsidir.
Çıxış edən məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Xəqani Verdiyev Ümummilli Lider Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək bildirib ki, bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin suverenliyi tam bərpa edilib. Eyni zamanda qeyd edilib ki, Kəlbəcər rayonunda müasir şəhər standartlarına uyğun yenidənqurma və bərpa işləri geniş vüsət alıb, yol, enerji və digər mühüm infrastruktur layihələri uğurla icra olunur. Bildirilib ki, rayonda inşa edilən təhsil kompleksinin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir.
Məktəbin müəllimi Fidan Fərzəliyeva çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsindəki tarixi rolundan bəhs edib. O, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin inkişafında mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi zəfərlər Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirib.
Tədbirin sonunda məktəbin direktoru və ərazi partiya təşkilatının sədri Xəqani Verdiyev Yeni Azərbaycan Partiyası tərəfindən partiya fəaliyyətində və təhsilin inkişafında göstərdiyi xidmətlərə görə, həmçinin 60 illik yubileyi münasibətilə fəxri fərmanla təltif olunub.
Eyni zamanda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib, partiyanın fəaliyyətində fəallığı ilə seçilən şəxslər fəxri fərmanlarla mükafatlandırılıb.
