YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi təşkil olunub

Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Qazax-Tovuz regionu üzrə regional mərhələsi Şəmkir rayonunda keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu yalnız əldə olunan bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Bu cür olimpiadaların şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığı qeyd edilib. Belə yarışların şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşmasına və gələcək uğurlar üçün möhkəm zəmin yaradacağına əminlik vurğulanıb.

Daha sonra komandalar riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar sahə, mədəniyyət və incəsənət istiqamətləri üzrə sualları cavablandırıblar.

Gərgin mübarizə şəraitində keçən yarışın yekununda Gədəbəy komandası birinci yerə layiq görülüb.

Qalib komanda may ayında keçiriləcək final mərhələsində regionu təmsil etmək hüququ qazanıb.

Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.