Xəbərlər
“Həyat yolu örnək olan fədakar qadın”
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı, Masallı Rayon İcra Hakimiyyəti və Masallı Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Həyat yolu örnək olan fədakar qadın” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair apardığı fundamental tədqiqatlarla böyük şöhrət qazanmışdır. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin, o cümlədən traxomanın aradan qaldırılması istiqamətində mühüm işlər görmüş, xəstəliyin mərhələlərinin öyrənilməsi və müalicə metodlarının təkmilləşdirilməsi sahəsində dəyərli elmi nəticələr əldə etmişdir.
Qeyd olunub ki, Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təkan vermiş, yeni həkim və alim nəslinin formalaşmasında mühüm rol oynamışdır. Onun təşəbbüsü ilə ölkədə ixtisaslaşmış oftalmoloji elmi-tədqiqat laboratoriyasının yaradılması bu sahənin inkişafında əhəmiyyətli mərhələ olmuşdur.
Seyfəddin Əliyev çıxışında vurğulayıb ki, Zərifə Əliyeva Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anasıdır. Onun həyat yolu, yüksək insani keyfiyyətləri və xalqa bağlılığı hər bir vətəndaş üçün örnəkdir. Qeyd edilib ki, Zərifə Əliyevanın ən böyük mükafatı xalqın sevgisidir və onun zəngin irsi bu gün də öz aktuallığını qoruyur.
Tədbirdə çıxış edən Masallı Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu bildirib ki, Zərifə Əliyeva uzun illər ərzində respublikanın iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmış, görmə orqanının peşə patologiyası sahəsində mühüm nəticələr əldə etmişdir. Bu sahədəki uğurlarına görə o, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.
Vurğulanıb ki, Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Onun elmi əsərləri daim yüksək qiymətləndirilmiş, milli oftalmologiyanın beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm addımlar atılmışdır. Alimin həkimlik fəaliyyəti, insanlara göstərdiyi diqqət və qayğı, yüksək mənəvi keyfiyyətləri ona həmkarlarının və pasiyentlərinin dərin hörmətini qazandırmışdır.
Daha sonra Masallı Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin oftalmoloq-həkimi Gülnarə Məmmədova, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi-psixoloqu Aybəniz Novruzova və digər çıxış edənlər akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, oftalmologiya sahəsinə verdiyi töhfələrdən və onun bu sahədəki müstəsna xidmətlərindən bəhs ediblər.
