YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı, Samux Rayon İcra Hakimiyyəti və Samux Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Mərkəzi Rayon Xəstəxanasının direktoru Loğman Hacıbədəlli, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bildirib ki, akademik Zərifə Əliyevanın elmi və tibbi fəaliyyəti bu gün də aktuallığını qoruyur və böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, Zərifə Əliyeva zəngin mənəviyyata malik ziyalı kimi mənalı ömür yolu keçmiş, xüsusilə oftalmologiya sahəsində mühüm nailiyyətlərə imza ataraq Azərbaycan tibb elminin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxışında vurğulayıb ki, Zərifə Əliyeva həm elmi fəaliyyəti, həm də yüksək insani keyfiyyətləri ilə seçilən görkəmli şəxsiyyət olub. O, alim kimi oftalmologiya elminin inkişafına mühüm təsir göstərmiş, eyni zamanda nümunəvi ailə başçısı kimi də böyük hörmət qazanmışdır.

Samux Mərkəzi Rayon Xəstəxanasının direktoru Loğman Hacıbədəlli çıxışında Zərifə Əliyevanın oftalmologiyanın müxtəlif istiqamətləri üzrə apardığı tədqiqatlar və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, onun fundamental elmi əsərləri Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayıb.

Tədbirdə çıxış edən həkim Səadət Əkbərova akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşərək onun yüksək peşəkarlığını, sadəliyini və insanlara qayğıkeş münasibətini xüsusi qeyd edib. O vurğulayıb ki, Zərifə Əliyeva həm böyük alim, həm də nəcib insan kimi yaddaşlarda əbədi yaşayacaqdır.

Tədbirin sonunda Samux rayonunda səhiyyə sahəsində fərqlənən bir qrup tibb işçisi Samux Rayon İcra Hakimiyyəti və YAP Samux rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olunub.