Xəbərlər
Azərbaycan–Çexiya əlaqələri: diplomatik fəallıq və iqtisadi nəticələr
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən yüksək səviyyəli görüş Azərbaycan Respublikasının beynəlxalq arenada artan nüfuzunun və regionda formalaşdırdığı strateji mövqeyin bariz təzahürüdür. Son illərdə həyata keçirilən məqsədyönlü və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Avropa dövlətləri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmiş, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsiplərini möhkəmləndirmişdir. Bu gün Azərbaycan beynəlxalq siyasi dialoq sistemində etibarlı və nüfuzlu tərəfdaş kimi qəbul olunur.
Görüşdən sonra Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Çexiya əməkdaşlığının müxtəlif sahələr üzrə genişləndirilməsi istiqamətində ortaq baxışların mövcudluğunu bir daha təsdiqləmişdir. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Çexiya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini qeyd etmiş, son illərdə ikitərəfli əlaqələrin ardıcıl şəkildə genişləndiyini vurğulamışdır. Dövlət başçısı xüsusilə iqtisadi, enerji və investisiya sahələrində əməkdaşlığın real nəticələr verdiyini diqqətə çatdırmışdır.
Bəyanatda enerji təhlükəsizliyi məsələlərinə xüsusi yer ayrılmış, Azərbaycanın Avropanın enerji təchizatında artan rolu vurğulanmışdır. Bu kontekstdə Çexiya ilə əməkdaşlığın yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmadığı, həm də alternativ və yaşıl enerji istiqamətlərini əhatə etdiyi qeyd olunmuşdur. Çexiya Baş naziri Andrey Babiş öz növbəsində Azərbaycanın regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasında oynadığı rolu yüksək qiymətləndirmiş, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Görüş zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və biznes dairələri arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri də müzakirə olunmuşdur. Xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi perspektivləri tərəflər arasında maraq doğurmuşdur. Eyni zamanda regional proseslər və beynəlxalq təhlükəsizlik məsələləri də diqqət mərkəzində olmuş, dövlət başçısı Azərbaycanın regionda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş siyasətini bir daha diqqətə çatdırmışdır.
Ümumilikdə, Qəbələ görüşü Azərbaycan–Çexiya münasibətlərində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün real və geniş imkanların yarandığını aydın şəkildə ortaya qoymuşdur. Görüş çərçivəsində aparılan müzakirələr ikitərəfli əlaqələrin təkcə mövcud sahələrlə məhdudlaşmadığını, eyni zamanda enerji, iqtisadiyyat, investisiya, sənaye və nəqliyyat-logistika istiqamətlərində yeni əməkdaşlıq platformalarının formalaşmasına şərait yaratdığını göstərmişdir.
