YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji əməkdaşlıq modeli

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrej Babişin ölkəmizə səfəri son dövrlərdə regionda müşahidə olunan diplomatik aktivliyin və çoxtərəfli əməkdaşlıq təşəbbüslərinin məntiqi davamıdır. Bu səfər həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan bir sıra mühüm mesajlar və perspektivlər ortaya qoyur.

Azərbaycan Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında təkbətək və geniş tərkibli görüşlər keçirilib. Görüşlərdən sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər. Daha sonra Prezident İlham Əliyevin və Baş nazir Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.

Prezident İlham Əliyev vurğulayıb ki, əməkdaşlığın böyük hissəsi energetika sektoruna aiddir. Dövlətimizin başçısı bəyan edib ki, Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır: “Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir”. Azərbaycan Prezidenti əlavə edib ki, ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır: "Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq".

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Çex Respublikasının enerji mənbələrinin şaxələndirilməsi siyasəti ilə Azərbaycanın ixrac potensialı üst-üstə düşür. Görüşlərdə xüsusilə qaz və neft tədarükü, eləcə də alternativ enerji layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Çexiya Azərbaycan neftinin Avropadakı əsas alıcılarından biridir. Azərbaycan Çexiyanın neftə olan tələbatının əhəmiyyətli hissəsini, təxminən 25-30 faizini qarşılayır. Bu göstərici Çexiyanın enerji asılılığının azaldılması və resurs bazasının diversifikasiyası baxımından həlledicidir. Son dövrlərdə əməkdaşlıq ənənəvi karbohidrogenlərdən "yaşıl enerji"yə doğru genişlənir. 2021-ci ildə imzalanmış enerji əməkdaşlıq sazişi və 2026-cı ilin əvvəlində keçirilən müzakirələr çərçivəsində Çexiya şirkətləri Azərbaycanda günəş, külək və hidrogen enerjisi layihələrində, həmçinin şəbəkənin modernləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tərəflər neft-qaz sektorundakı uğurlu təcrübəni bərpaolunan enerji mənbələrinə transfer etmək niyyətindədirlər. Bu əməkdaşlıq həm də Azərbaycanın "yaşıl enerji" qovşağına çevrilmə strategiyasına mühüm töhfə verməklə, gələcəkdə ölkəmizdə istehsal olunan ekoloji təmiz enerjinin Avropa bazarlarına, o cümlədən Çexiyaya ixracı üçün perspektivlər yaradır.

İki ölkə arasındakı siyasi həmrəylik yalnız icraedici hakimiyyət səviyyəsində deyil, eyni zamanda parlamentlərarası münasibətlərdə də özünü aydın şəkildə göstərir. Azərbaycan Respublikasının Milli Məclisi ilə Çex Respublikası Parlamenti arasında qurulan əməkdaşlıq mexanizmləri qarşılıqlı etimadın möhkəmlənməsinə və siyasi dialoqun institusional əsasda inkişafına xidmət edir.

Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları mütəmadi görüşlər, qarşılıqlı səfərlər və birgə təşəbbüslər vasitəsilə əlaqələri daha da dərinləşdirir. Bu platformalar yalnız ikitərəfli məsələlərin müzakirəsi üçün deyil, həm də regional və beynəlxalq gündəlikdə yer alan məsələlər üzrə ortaq mövqelərin formalaşdırılması baxımından mühüm rol oynayır. Bundan əlavə, parlamentlər səviyyəsində əməkdaşlıq hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi və humanitar sahələrdə sazişlərin ratifikasiyası, eləcə də demokratik institutların inkişafı sahəsində təcrübə mübadiləsinə şərait yaradır. Bu isə ümumilikdə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin daha dayanıqlı və çoxşaxəli xarakter almasına töhfə verir.

Çexiya Baş naziri Andrej Babişin səfəri Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə mövcud əməkdaşlığı gücləndirmir, həm də gələcək üçün yeni imkanların əsasını qoyur. Regional və beynəlxalq səviyyədə artan qarşılıqlı asılılıq fonunda belə diplomatik addımların əhəmiyyəti daha da artır.